Həbsdəki iş adamının anası: “Oğlumu Cahangir Əsgərov sifarişlə həbs etdirib”

https://youtu.be/PmVeV1erads

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun anası Baş Prokurorluğun qarşısında etiraz edib.

Solmaz İsmayılova deyib ki, oğlu Azərbaycan Hava Yollarının (AZAL) rəhbəri Cahangir Əsgərovun sifarişi ilə haqsız yerə həbs olunub.

“Mən oğluma bəraət istəyirəm, çünki onun heç bir günahı yoxdur. Sifarişli həbsdir bu. Yaxşı işlər deyil bunlar, Allahdan qorxsunlar. Mən aclıq aksiyası keçirəcəyəm, özümü öldürəcəyəm, yandıracağam. Mən razı olmaram ki, o cür oğlum boş-boşuna gedib həbsxanada yatsın. O cür sahibkar… Bizim möhtərəm prezidentimiz deyib ki, sahibkarlara yaşıl işıq yandırın, işləsinlər. O cür sahibkarı belə vəziyyətə qoymaq olarmı?! Baş prokurora bu sualları verəcəyəm”, – Solmaz İsmayılova belə deyib.

1999-cu ildə “İdeal Company”ni təkbaşına yaradan İlqar İsmayılov 2011-ci ildə şirkət səhmlərinin 50 faizini AZAL rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya satmaqla onunla şərik olub.

O, 2013-2016-cı illərdə Zərifə Həmzəyevanın xəbəri və razılığı olmadan 680 min manatı şirkətin kassasından götürüb xərcləməkdə ittiham olunur.

Qarşı tərəf iddia edir ki, ona çatacaq mənfəəti İlqar İsmayılov mənimsəyib, ona şirkətdən gəlir verilməyib.

Həbsdə olan iş adamı isə bildirir ki, o, “İdeal”dakı payını və əmtəə nişanını verməyə məcbur edilib.

Bununla razılaşmadığına görə ilk dəfə 2017-ci ildə şərlənərək həbs olunub və 3 ay 10 gün həbsdə saxlanıb.

Müvafiq sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb.

“Növbəti dəfə haqqını tələb elədikdə oğluma xəbər göndərdilər ki, sus, danışma. Səni yenə həbsə atdıracağam. Oğlum susmadı, davam elədi, haqqını tələb etməyə başladı. Ona görə də oğlumu həbsə atıblar. 10 aydır ki, oğlum boş yerə, nahaq yerə, haqsız yerə həbsdə yatır”, – deyə İsmayılova qeyd edib.

Solmaz İsmayılova oğlunun işi ilə bağlı Prezidentə, Birinci vitse-prezidentdə, DTX-ya məktublar ünvanlayıb.

Bugünkü etirazı ilə dövlət qurumlarını işə düzgün baxmağa çağırıb.

O, Baş prokuror Kamran Əliyevin qəbuluna keçmək istəsə də, başqası tərəfindən qəbul edilib.

Qurumun əməkdaşı ona hakimin qərarını gözləməyi tövsiyə edib.

İlqar İsmayılov Cinayət Məcəlləsini külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəetmə maddələri ilə ittiham olunur. Bu maddələrlə o, 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Yanvarın 17-də keçiriləcək olan növbəti məhkəmə prosesində prokuror İlqar İsmayılova iş istəyəcək.

Ana səhifəUncategorized @azHəbsdəki iş adamının anası: “Oğlumu Cahangir Əsgərov sifarişlə həbs etdirib”