“Bundan sonra da iş üzrə müəyyənləşdirilmiş 6 milyon manatlıq ziyanı yaxın qohumlarının vasitəsilə toplayıb, dövlət büdcəsinə ödəməyə hazıram”
İmişlinin keçmiş icra başçısı, iki ildir həbsdə olan Vilyam Hacıyev bildirib ki, saxlandığı gün evində və iş otağında axtarış zamanı götürülmüş vəsaitlərdən əlavə, qohumlarının köməyilə daha 6 milyon manat dövlətə ödəməyə hazırdır.
“Media vasitəsilə Prezident İlham Əliyevə müraciət edirəm. Hörmətli prezident, mən 42 il ərzində dövlətə, sizə sədaqətlə xidmət etmişəm. İki ildir ki, həbsdəyəm. Cənab prezident, sizdən xahiş edirəm, yaşımı və dəymiş ziyanı ödəmək istəyimi nəzərə alaraq, mənə qarşı humanizm göstərəsiniz”, – Vilyam Hacıyev mayın 27-də məhkəmədə ifadə verərkən deyib.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. Budəfəki məhkəmədə Vilyam Hacıyev özü ifadə verib. O bildirib ki, 42 il dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışıb. İttihamları qəbul etmədiyini vurğulayan sabiq icra başçısı deyir ki, o, təhsil, səhiyyə və başqa qurumlardakı yeyintilərdə, rüşvət hallarında təqsirləndirilir. Halbuki, həmin qurumlar icra hakimiyyətinin, şəxsən onun tabeliyində olmayıb:
“Onların tabe olduqları qurumlar var. Mənim onlara söz deməyə nə səlahiyyətim olub, nə də ixtiyarım”.
İmişli Rayon İcra Hakimiyyətindəki mənimsəmə iddialarına gəlincə, Vilyam Hacıyev bildirib ki, bu, əsasən tikinti işlərilə bağlıdır. O iddia edib ki, vəsaitlər podratçı şirkətlərin hesabına köçürülüb, bu prosesə də o, müdaxilə etməyib:
“Podratçı şirkətlərin hesabından pul çıxarmaq, pul tələb etməyim barədə heç bir sübut yoxdur. Ancaq sözlə deyirlər və o sözü də sübut kimi qəbul edirlər. Mən də desəm ki, kiməsə pul vermişəm, onu sübut kimi qəbul edəcəksiniz? Əlbəttə, xeyir. Belə olan halda, niyə mən ittiham olunuram? Əgər tikintilər zamanı podratçı öz hesabından pul çıxarırsa, kiminləsə cinayət əlaqəsinə girirsə, burada mənim günahım nədi? Ayıbdı, kimsə yeyintiyə yol veribsə, mənim üstümə niyə atırlar? İllərlə arxamca qaçan ucuz məxluqlar gəlib burada mənim üzümə dayandı. Amma yeyəndə yaxşı idi…”
İmişli rayonuna rəhbərlik etdiyi dövrdə görülən işlərdən danışan Vilyam Hacıyev deyir ki, özü və dostlarının köməyilə rayonun abadlaşdırılmasına 8 milyon vəsait xərcləyib. O gileylənib ki, iş materiallarında bu haqda bir cümlə yazılmayıb:
“Bu işlərin videogörüntüləri var. Baxın, görün ki, mən büdcədən kənar nə qədər iş görmüşəm – Bayraq meydanı, şahmat məktəbi, uzunluğu 20 kilometr olan yol… Mən gördüyüm işlərlə bağlı daim rəhbərlikdən təşəkkür almışam. Azərbaycanda ilk rayon İmişlidir ki, öz büdcəsi ilə özünü təmin edib”.
Sabiq icra başçısı özünün təqsirsiz olduğunu desə də, icra hakimiyyətindəki bəzi işçilərin vətəndaşlara qarşı qanunsuzluq etməsini istisna etməyib:
“Ola bilsin ki bu cinayətlər olub, amma məndən xəbərsiz. İstisna etmirəm ki, hansısa dələduzlar qanuni işlərin onsuz da həll olunacağını bilərək, adamlardan pul alıblar. Məsələn, hansısa tikintiyə sərəncam veriləcəyini bilib, buna görə özləri pul alıblar. Dəfələrlə məhkəmədə ifadələrdə ziddiyyətlər üzə çıxdı. Mən heç kimdən rüşvət tələb edib almamışam, heç kim də mənə rüşvət verməyib. Vəzifədə olanda qarşımda özünü düz göstərən işçilər indi burada üzümə durur. Əgər mənim belə işim vardısa, niyə 8 il ərzində məndən heç yerə şikayət etməmişdilər? Mən tabeliyimdə olan işçilərə çox yumşaq rəftar eləmişəm. Bundan sui-istifadə edənlər ola bilər. Vətəndaşlar da mənə qarşı çox yaxşı münasibət göstərirdilər. Həbsimdən sonra yüzlərlə qazi, müharibə iştirakçısı mənə görə prezidentə müraciət etdi. Qaldı sahibkarlardan rüşvət alınmasına, bu prosesdə heç kimdən pul tələb olunmayıb. Sahibkarlar öz təşəbbüslərilə abadlaşmaya vəsait verirdilər. Gah 1 milyon 20 min ziyan dedilər, gah 3 milyon. Mən inkar etmirəm. Amma bu mənimsəmədə mən iştirak etməmişəm. Bundan sonra da iş üzrə müəyyənləşdirilmiş 6 milyon manatlıq ziyanı yaxın qohumlarının vasitəsilə toplayıb, dövlət büdcəsinə ödəməyə hazıram. Güman edirəm ki, bu hal da dövlət büdcəsinə xeyirdi”.
Vilyam Hacıyev ona qarşı irəli sürülmüş qanunsuz silah saxlama ittihamından da danışıb. O bildirib ki, qanunsuz silah gəzdirməsi haqda söhbətlər yalandır.
“2005-ci ildə ailə üzvlərimlə birlikdə Gəncədə ovçular mağazasında olanda mağazanın müdiri mənə ov silahı təklif etdi. Almaq qərarına gəldik. Bir neçə həftədən sonra həmin silahı aldıq. Sənədləri də qaydasında idi. Silahı alıb avtomobilə qoyduq. Evə çatandan sonra sürücü həmin silahı evimə qoydu. 10 il sonra həmin silahı evdən köçəndə gördüm. Evimdə axtarış aparılanda həmin silahı aşkarlayıblar. Vəkilim mağazaya sorğu verib cavabı alıb. Sorğunun cavabı məhkəməyə təqdim edilib. Cavabdan da görünür ki, həmin silahla cinayət törədilməyib. O mağazada onlarla o cür silah satılıb. Amma onlar sorğu-sual olunmur. Məsələn, kimsə aptekdən dərman alır, onun tərkibində narkotikin miqdarını kimsə analiz edirmi? Xeyr…”
Sabiq icra başçısı daha sonra prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ondan Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1 milyon avro, cibindən 2550 manat, iş otağından isə 10 min manat tapılması haqda soruşub.
“O pullar həyat yoldaşımın babasından və qohumundan miras qalıb. Cibimdə isə maaş və mükafatım idi”, – Vilyam Hacıyev bildirib.
Axtarış zamanı götürülən vəsait istintaq orqanının depozit hesabında saxlanılır.
Vilyam Hacıyev prokurorun digər suallarını cavablandırmaqdan imtina edib.
“Mən şübhəli şəxs qismində saxlanılarkən hansı şəraitdə qol çəkdiriblər, bilmirəm. Heç bir sənədi oxumamışam. Gəlin sənədləri tədqiq edək, sonra bütün suallara cavab verəcəm”, – Vilyam Hacıyev əlavə edib.
Sabiq icra başçısının dindirməsi iyunun 3-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.