Həbsdəki AXCP funksionerinin ailəsi onun virusa yoluxmasından şübhələnir

“Başqa məhbuslarda da var”

Source:


Babək Həsənli bir neçə gündür temperaturunun yüksək olduğunu, boğaz və böyrək ağrısından əziyyət çəkdiyini deyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin həbsdə olan sədri Babək Həsənovun səhhətində ciddi problemlər yarandığı deyilir. Ailə üzvləri onun koronavirusa yoluxmasından ehtiyatlanır. Bu barədə Meydan TV-yə B.Həsənlinin qardaşı Cavid Həsənli bildirib.

Qardaşının sözlərinə görə, B.Həsənli martın 25-də ailə üzvlərilə telefonla danışarkən bir neçə gündür temperaturunun yüksək olduğunu, boğaz və böyrək ağrısından əziyyət çəkdiyini deyib: “Çox narahatıq, çünki bu həm də koronavirusun simptomlarına bənzəyir”.

C.Həsənli deyir ki, səhhətindəki problemlərə baxmayaraq, qardaşı Müalicə Müəssisəsinə, yaxud cəzaçəkmə müəssisəsinin daxilindəki tibb-sanitar hissəsinə köçürülmür, başqa məhbuslarla birlikdə eyni yataqxanada (“barak”) saxlanılır.

“Yüksək hərarət və boğaz ağrısından əziyyət çəkən təkcə Babək Həsənli deyil. Başqa məhbuslarda da var. Təəssüf ki, lazımi tədbirlər görülmür. Müəssisənin daxili imkanları ilə xəstəliyin öhdəsindən gəlmək isə mümkün deyil”, – deyə C.Həsənli bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, cəzaçəkmə müəssisələrində narahatlığa əsas verəcək hal yoxdur. Penitensiar Xidmətin tabeliyindəki bütün müəssisələrdə durum nəzarət altındadır.

Qarabağ qazisi olan B.Həsənov 2018-ci il mayın 25-dən həbsdədir. O, AXC Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar. İddia olunur ki, S.Rüstəmlinin Rusiyadan AXCP-yə göndərdiyi pulları onlar Bakıda qəbul edib, partiyaya çatdırıb.

Buna görə onlara qarşı qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi ittihamlarla 3 ildən 7 ilə qədər həbs cəzası verilib.

Lakin B.Həsənli və digər partiya funksionerləri bu ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətHəbsdəki AXCP funksionerinin ailəsi onun virusa yoluxmasından şübhələnir