Hakim: “Rəfael Cəbrayılovun bu məhkəmə zalında nə dediyi bizim də yadımızdadır”
Keçmiş deputat Rəfael Cəbrayılov 4 ay əvvəl həbsdə vəfat etməsinə baxmayaraq, onun işi üzrə məhkəmə araşdırmaları davam edir. Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesində qardaşı Rauf Cəbrayılov şahid kimi dindirilib. O bildirib ki, son dörd ildə qardaşı ilə danışmırdı.
“Dərhal” tikinti şirkətində mərhum qardaşıyla şərik olduqlarını deyən Rauf Cəbrayılov iddia edib ki, gəlirin 70 faizi Rəfael Cəbrayılova çatırdı. Qalan 30 faizi isə onunla digər qardaşı Elşən Cəbrayılov arasında bölünürdü. Rauf Cəbrayılovun dediyinə görə, Rəfael Cəbrayılov müxtəlif adamlardan sələmlə pul götürürdü, o isə buna qarşı çıxırdı.
“Mən Moskvada yaşayırdım, sonradan bu işlərə qoşuldum. Rəfael Cəbrayılov millət vəkili olduğuna görə rəsmi qaydada rəhbərlik edə bilmirdi. Ona görə şirkətin rəsmi təsisçisi mən və digər qardaşım Elşən Cəbrayılov idi. Amma Rəfael Cəbrayılov sənədsiz rəhbərlik edirdi. O, müxtəlif adamlardan faizlə pul götürürdü. Mən hacı adamam, belə şeylərdən uzağam. Dəfərlərlə ona deyirdim ki, götürmə, haramdır. Buna görə dəfələrlə mübahisələrimiz də olmuşdu. Deyirdim ki, bu pulları neynirsən, kimə verirsən, bəlkə səni qorxudan, pul tələb edən var, ona verirsən? Nə qədər faiz ödəyirdi. Mübahisələrimiz ancaq elə belə şeylərə görə olurdu. Bu səbəbdən son dörd ildə danışmırdıq. Milli Məclisin iclasları hər gün olmurdu axı, ona görə çox vaxt şirkətin işiylə məşğul olurdu”, – Rauf Cəbrayılov bildirib.
Rəfael Cəbrayılov özü sağlığında iştirak etdiyi bir neçə məhkəmə iclasında konkret ad çəkməsə də, qardaşını ittiham edirdi. Hətta qardaşının ünvanına nalayiq ifadə də səsləndirmişdi.
“Rəfael Cəbrayılovun bu məhkəmə zalında nə dediyi bizim də yadımızdadır. Amma indi sağ olmadığına görə hər şeyi onun üzərinə atırsınız. Ortada alınan və qaytarılmayan pullar var. Onları kim ödəyəcək?“, – hakim Rauf Cəbrayılovdan soruşub.
Zərərçəkmişlərdən birinin nümayəndəsi Kamandar Nəsibov da mərhum deputatın qardaşını yalan danışmaqda ittiham edib: “Deyirsiz ki, mən şirkətin təsisçisi olmuşam, amma işlərə qarışmamışam. Bu, necə ola bilər? Siz həmişə şirkətə gəlib-getmisiz. Özünüzə hacı deyirsiz, amma yalan danışırsız. Hacı yalan danışmaz…”
Zərərçəkmiş şəxslərdən Bəşir Məmmədovun vəkili məhkəməyə vəsatət verib ki, iş prokurorluğa qaytarılsın, sabiq deputatın qardaşı Elşən Cəbrayılov da cinayət məsuliyyətinə cəlb edilsin. Çünki pulu Elşən Cəbrayılova verib. Lakin vəsatət təmin edilməyib.
Məhkəmə prosesi fevralın 10-da davam edəcək.
2021-ci ilin aprelində həbs olunan Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.
2019-cu ildə Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Sabiq deputatın ölümündən sonra onun məhkəməsində hüquqi varisi qismində iştirak edən həyat yoldaşı Aidə Cəbrayılova da mərhum ərinin başına gələnlərə görə qaynı Elşən Cəbrayılovu ittiham edirdi. O, hətta məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi istintaqa qaytarılsın və Elşən Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunsun. Məhkəmə bu vəsatəti təmin etməmişdi.