“Oğlumu “karsa” salmaq istəyir”
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Bəhruz Əliyevin təzyiqə məruz qaldığı bildirilir.
Bu barədə Meydan TV-yə məhbusun anası Yeganə Əliyeva danışıb.
Onun sözlərinə görə, oğlu cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən incidilir:
“Rəis Çingiz müəllim uşağı neçə vaxtdır təzyiq altında saxlayır. Məhbuslar nərd alıblar, onu da əllərindən alıb başqasına hədiyyə verib. Məcbur edir ki, oğlum ona cavab qaytarsın, aparıb “kars”a salsın. Karantin olduğundan oğlumun yanına da gedə bilmirəm, belə olmaz. Biz hara şikayət edək ki, rəis uşaqdan əl çəksin?”.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, məhbus anasının söylədiklərini araşdıracaq:
“Ola bilməz ki, rəis əsassız yerə məhbusa davranış qaydaları haqda irad bildirsin, ancaq araşdıracam”.
“Neytral İnformasiya Agentliyi”nin (NİA) baş redaktoru Bəhruz Əliyev 2018-ci ilin mayında Cinayət Məcəlləsinin 311-ci maddəsi (Rüşvət alma, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) ilə 8.5 il azadlıqdan məhrum olunub.