Həbsdə olan ictimai fəal: ”Narkotiki ancaq kinolarda görmüşəm”

İşçi Masası Həmkarlar İttifaqının idarə heyətinin üzvü olan Ayxan İsrafilov 3 il azadlıqdan məhrum edildi.

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1 maddəsilə təqsirləndirilir. Özü məhkəmədəki çıxışında narkotiklə bağlı ifadəsini işgəncə altında verdiyini bildirib. O ittihamları qəbul etmir, həbsini işçi haqlarının müdafiəsi üçün gördüyü işlərlə əlaqələndirir.

’’Biz, mənim dostlarım pis işlə məşğul deyilik. Biz ancaq kömək edirik ki, insanlar işləyib çörək qazana bilsinlər. Mən narkoman deyiləm. Yolda görsəm narkotiki tanımazdım, onu zibil bilərdim. Narkotik maddəni ancaq kinolarda görmüşəm” , – Ayxan son sözündə deyib.

Həmçinin məhkəmədə bildirilib ki, Ayxan İsrafilovun qanında heç bir narkotik maddə aşkar olunmayıb. Proses zamanı vəkil Fariz Namazlının verdiyi heç bir vəsatət qəbul olunmayıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev də eyni ittihamla həbs edilib. İttifaqın sədri Afiyəddin Məmmədov da hazırda həbsdədir.

Fəallar kuryerlərin hüquqlarını tələb etmək üçün bir neçə dəfə aksiya keçirib. Onlar həbslərdən öncə sonuncu dəfə ötən il avqustun 1-də etiraz aksiyası keçirərək kuryerlərin mopedlərinin cərimə meydançasına aparılmasına etiraz ediblər.

Ana səhifəVideoHəbsdə olan ictimai fəal: ”Narkotiki ancaq kinolarda görmüşəm”