Entoni Blinken bildirib ki, Rüfət Səfərov bu mühüm mükafatı alanlar sırasındadır
Həbsdə olan hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov ABŞ Dövlət Departamentinin mükafatını alıb.
ABŞ dövlət katibi Entoni Blinken İnsan Haqları Günü ilə bağlı mükafatların təqdimetmə mərasimində çıxış edib.
Entoni Blinken bildirib ki, Rüfət Səfərov da bu mühüm mükafatı alanlar sırasındadır:
“Çünki bu, yalnız onun şəxsi uğuru deyil, həm də cəsarət və prinsipiallıqla barışmaz mübarizənin təntənəsidir. Rüfət Səfərov dövlətin təzyiqlərinə, həbsxanaların qapılarına və sistemin təmsil etdiyi ədalətsizliyə qarşı çıxdı. Onun mübarizəsi sadəcə, şəxsi haqqının qorunması deyil, bütün xalqın azadlıq və bərabərlik uğrunda mübarizəsidir. Onun bu yolda atdığı hər bir addım, cəsarət, öz prinsiplərinə sadiqlik və heç bir qorxuya boyun əyməməyin təcəssümüdür”.
“Bu mükafat, onun azadlıq və insan haqları uğrunda apardığı mübarizənin dünyaya tanınmasıdır. Lakin bu, eyni zamanda bizi, hər birimizi öz mövqeyimizi qətiyyətlə müdafiə etməyə, haqqa və ədalətə inamla bir addım daha yaxınlaşmağa çağıran bir xəbərdarlıqdır. Rüfət Səfərovun bu mərhələdəki mübarizəsi, sadəcə bir fərdin mücadiləsi deyil, dünyada haqqın və ədalətin hökm sürməsi uğrunda aparılan bir döyüşdür. Bu an, hər birimiz üçün bir dərs olmalıdır: heç bir güc, heç bir təzyiq doğru bildiyin yolda irəliləməyinə mane ola bilməz. Bizlər, doğru olanı etməkdən çəkinməyən, qorxudan deyil, inamdan irəliləyən bir nəsil olmaq məcburiyyətindəyik. Bu gün Rüfət bəyin aldığı mükafat, yalnız onun deyil, bu yolda mübarizə aparan hər kəsin qələbəsidir”, – Entoni Blinken deyib.
Təqdimatda Blinken Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirib.
Rüfət Səfərov 2024-cü ildə mükafata layiq görülən dünya üzrə 8 hüquq müdafiəçisindən biridir.
Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.