Həbsdə olan gənc alimin Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb

İqbal Əbilov. Foto: Meydan TV

“Son bir neçə ildə həbs, təzyiq və qətllər kəskin xarakter alıb”

Dekabrın 6-da gənc tədiqiqatçı-alim İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun həbsi və Azərbaycandakı repressiyalarla bağlı bəyanat yayıb.

Komitə hesab edir ki, ötən 20 ildə kifayət qədər tanınmış jurnalistlərə, hüquq müdafiəçilərinə, din xadimlərinə, alim və ziyalılara qarşı səngimək bilməyən təqib, təzyiq, həbs və qətllər son bir neçə ildə daha kəskin xarakter alıb.

Müdafiə Komitəsi qeyd edir ki, əgər əvvəllər daha çox orta yaşlı və  qocaman şəxslər həbs edilirdisə, bu gün əsasən azadfikirli fədakar gənclərə, xüsusən də gənc jurnalist xanımlara (Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və d.) qarşı amansız repressiya həyata keçirilir:

Onları guya xarici dövlətlərə və  qrant hesablarına işlədiklərini bəhanə gətirib həbs etdirməklə, əslində, digər gənclərimizi də qorxutmaq və cəmiyyətimizin müti ruhlu  vətəndaşlarına çevirmək niyyətindədirlər. Ən dəhşətlisi isə ölkənin hüquq-mühafizə sisteminin, o cümlədən məhkəmə-istintaq orqanlarının öz hüquqi müstəqillik, vəzifə və vicdani borclarını  itirərək, hakimiyyətin sifarişlərini tərəddüd etmədən saxta ittihamlarla  həyata keçirdən robot-alətlərə çevrilməsidir. Məsələn, qondarma ittihamlarla həbs edilmiş vətəndaşların təqsirsizlik prezumpsiyası hüququ ciddi şəkildə pozularaq, hələ məhkəmə-istintaq prosesi  başlanılmamış, dərhal hakimiyyətyönlü KİV-də, o cümlədən, TV kanallarında həmin  şəxsin “məxfi” “cinayət əməlləri”  aşkarcasına sadalanır və əvvəlcədən xalq arasında barəsində yanlış rəy formalaşdırılır”.

Bəyanatda vurğulanır ki, insan hüquqlarının qorunmasına məsul Ombudsman Aparatının rəhbərliyinin isə məhkəmə hökmü olmadan, bu təqib-təzyiqlərə və həbslərə qanuni don geyindirmələri nəinki hüquqi, hətta hər hansı əxlaqi dəyərlərə belə sığışmayan azğınlıq hesab edilə bilər:

Bu da  bir daha sifarişli həbslərin və məhkəmə qərarlarının arxasında məhz elə həmin yuxarı rəhbər orqanlarının  özlərinin  dayandığının bariz  sübutudur”.

Müdafiə Komitəsi İqbal Əbilovu digər siyasi məhbuslardan xüsusilə fərqləndirmək niyyətində olmadığını qeyd edib:

Amma İqbal Əbilovun digər siyasi məhbuslardan fərqi odur ki, o, milliyətcə talışdır və məhz – Uzaq Şərq, Rusiya, Türkiyə, İran, Azərbaycana aid tarixi elmi araşdırmalarıyla yanaşı, elmi fəaliyyətinin bir hissəsi də öz doğma talış xalqının dilinin, tarixinin, mədəniyyətinin, folklorunun, etnoqrafiyasının, talış tədqiqatçılarının tədqiqinə həsr edilib”.

“Belarus Dövlət Universitetinin pedaqoqu və həm də  rəhbərlik etdiyi “Вестник Талышской Национальной Академии” (“The Herald of the National Academy of Talysh” (ing); “Talış Milli Akademiyasının Xəbərləri”(az))  elmi jurnalının baş redaktoru kimi, onun erməni mənşəli tarixçi-etnoqraf və dilşünas alim ilə sırf elmi müstəvidə əlaqəsinə siyasi rəng verib, onu  “Ermənistanın xüsusi xidmət orqanlarına (XXO) işləməkdə” təqsirləndirmək və yuxarıda qeyd edildiyi kimi, bunu hakimiyyətyönlü KİV-də və yerli TV-də kütləvi şəkildə paylaşıb, təqsirsizlik prezumpsiyası hüququnu kobud şəkildə pozmaq  heç bir  məntiqə və əxlaqi normalara sığışmır. Saxta ittihamlarla DTX-nın təcridxanasında əsarətdə saxlanılan gənc pedaqoq-alim İqbal Əbilova qarşı davam etməkdə olan zülm – əslində, Azərbayanın, o cümlədən Talış xalqının cəmi vətənpərvər, haqpərəst, azadfikirli  istedadlı gənclərinə yox, həm də bütöv bir xalqa – talışlara qarşı aparılan məqsədəyönlü və mütəmadi təqib, təzyiq və təhqirlərin  davamlı siyasətidir”.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.

O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

O, həbsini siyasi sifariş sayır, amma dövlətin rəsmi qurumları onun işində siyasi motivin olduğunu inkar edirlər.

Ana səhifəSiyasətHəbsdə olan gənc alimin Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb