Narkotik və güclü təsir edən maddələrin satışında ittiham olunan həkim özü həmin vasitələrin aludəçisi olduğunu deyir
Avropa Ürək-damar Cərrahlar Cəmiyyətinin, eləcə də Rusiya və Azərbaycandakı eyni adlı təşkilatların üzvü, müxtəlif klinikalarda ürək-damar cərrahı kimi fəaliyyət göstərən Elşən Əliyev hazırda narkotik və güclü təsir edən dərmanların qanunsuz dövriyyəsinə görə həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, Elşən Əliyevin üzərindən iki ayrı bükümdə 12,711 qram metamfetamin (narkotik istifadəçiləri öz aralarında “patı”, “şüşə” adlandırır) və hər birində 14 dənə olmaqla, 6 konvolyutda ümumilikdə 84 ədəd “Alyse 150” preqabalin maddəsi tapılıb.
Elşən Əliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama) və 240.3.2 (güclü təsir edən külli miqdarda maddələrin satışı) maddələrilə ittiham irəli sürülüb. İttihama əsasən, cərrah işlədiyi “Lazur hospital”ın möhüründən istifadə edərək, yalnız reseptlə satılan dərman preparatlarının 1 konvolyutunu (14 dənə) aptekdən 10 manata alıb, 25 manata satırmış.
Ürək-damar cərrahı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Polislər onu küçədə saxladıqlarını iddia etsələr də, Elşən Əliyev deyir ki, bu, doğru deyil. O, məhkəmədə etiraf edib ki, psixi durumu ilə əlaqədar metamfetamindən istifadə edib, onu müxtəlif adamlardan alıb. Tutulduğu gün aptekdən 6 konvolyutda “Alyse 150” dərmanını alıb və kirayə yaşadığı evə gəlib. Az sonra – axşam saatlarında evə təxminən 8-9 nəfər polis daxil olub: “Metamfetamini də, dərmanları da mən özüm onlara təqdim elədim. Onlara vəziyyəti izah elədim ki, özüm istifadəçiyəm. Hətta evdə onlara dedim ki, imkan versinlər, suya qatıb içim. Mənə icazə verdilər. Sonra idarəyə getdik”.
Təqsirləndirilən həkimin sözlərinə görə, onun üstündə bir bükümdə “Novokain” tozu, nişasta və sağalmayan yaraların müalicəsində istifadə edilən, müxtəlif növ dərmanların qarışığından hazırlanmış toz da olub. Onları da polislərə təqdim edib.
Ekspertiza zamanı Elşən Əliyevdə üzvü emosional-ləbil (astenik) pozuntu müəyyənləşdirilsə də, bu, onun anlaqsız olması demək deyil. Onda xroniki psixi xəstəliyin əlamətləri aşkarlanmayıb.
Məhkəmə cərrahın ondan tapılan metamfetamin və preqabalin həblərini şəxsi istifadə üçün alması haqda dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu ittiham olunduğu hər iki maddə ilə təqsirli bilib və cərrah 6 il azadlıqdan məhrum edilib.
1983-cü il təvəllüdlü Elşən Əliyev Azərbaycanda Tibb Universitetini bitirəndən sonra Rusiyanın Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Daha sonra Türkiyədə peşəkar təcrübə qazanıb. Elşən Əliyevin ilk dəfə respublikada diabetik ayaq mərkəzi yaradaraq, bir çox xəstəni amputasiyadan xilas etdiyi bildirilir.