Elnur Həsənov iki gündür yaxınlarına zəng etmir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun bir həftə davam edən aclıq nəticəsində komaya düşdüyü iddia olunur. AXCP-dən Meydan TV-yə bildirilib ki, bu barədə aprelin 25-də məlumat alıblar.
“Üstəlik, telefonla əlaqə saxlamaması narahatlığı daha da artırıb. Həmişə telefonla zəng elədiyi şəxslə iki gündür əlaqə saxlamayıb. Aprelin 25-də istintaq təcridxanasından bir nəfər xanım əməkdaş qardaşı ilə əlaqə saxlayıb. Deyib ki, gəlib təcili rəhbərliklə görüşsün. Qardaşı da Bakıda yoxdur”, – AXCP-dən bildirilib.
AXCP sədri Əli Kərimli də partiya fəalının həyatının təhlükə altında olduğunu bəyan edib. O vurğulayıb ki, Elnur Həsənov şəhid qardaşıdır, yol polisini tənqid etdiyinə görə narkotiklə şərlənərək həbs olunub.
Penitensiar Xidmətdən Elnur Həsənovun bir həftədir aclıq etməsi, komaya düşməsi barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
AXCP-dən bildirilmişdi ki, aprelin 23-də Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov Bakı İstintaq Təcridxanasında Elnur Həsənovla görüşüb:
“Onunla bir saatdan çox söhbət edib, bütün problemlərini dinləyib. Qeydlər götürərək deyib ki, məsələni aidiyyəti orqanlara çatdıracaq”.
Elnur Həsənov aprelin 18-dən aclığa başladığını bir gün sonra Bakı Ağır Cinayətlər Məhkəməsində özü açıqlayıb.
AXCP fəalı “ölüm aclığı” keçirməsi barədə müxtəlif dövlət orqanlarına məktub göndərib.
“Şərlənərək qanunsuz həbs olunmağıma etiraz edirəm. Hüquqlarım təmin edilənə qədər ölüm aclığı elan edirəm.
Mən şəhid qardaşıyam. Həbsimdən 17 gün sonra 62 nəfər erməni əsiri azad edilib. Hansı ki, onlar 3000 şəhidin canına qıyanlardır. Ancaq mən haqq və hüquqlarımı tələb etdiyimə görə zindanda Vilayət Eyvazov tərəfindən əsir saxlanılıram və bütün qurumlar susur”, – Elnur Həsənov məktubunda yazıb.
O, məktubunu Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxan hakim Cavid Hüseynova, Prezidentin hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərova, Ombudsman Səbinə Əliyevaya, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova və digər səlahiyyətli şəxslərə ünvanlayıb.
Elnur Həsənov məhkəmədə aclığa başladığını açıqlayarkən onu da əlavə edib ki, məhkəmədə ifadə verəcəyini nəzərə alaraq, deyəcəklərini öncədən təcridxanada 11 vərəqə yazıb. Çünki ifadəsini hakimə yazılı şəkildə vermək istəyirdi. Lakin təcridxanada buna imkan verməyiblər – ifadəsi yazılan vərəqləri əlindən alıblar.
“Məni şərləyib həbs eləməkləri azdır, ifadəmi yazmağa belə, imkan vermirlər”, – Elnur Həsənov bildirib.
AXCP fəalı 2023-cü il noyabrın 28-dən həbsdədir. O, saxlanılarkən cibindən 5,372 qram narkotik tapıldığı iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Elnur Həsənov özünü qətiyyən təqsirli bilmədiyini, narkotikin ona aidiyyəti olmadığını deyib. Onun sözlərinə görə, cibinə narkotiki polislərin özləri atıb. Hesab edir ki, həbsi AXCP üzvü olması, sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır.
AXCP fəalının tutulmamışdan az öncə Facebook hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.
Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.