Həbs olunan genaral məhkəmə qarşısına çıxarıldı

Onların ailə üzvləri və ya vəkilləri ittihamlarla bağlı heç bir açıqlama verməyiblər.

Source: Foto: google.az


4 aylıq həbs-qətimkan tədbiri seçildi

Mayın 14-də saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev bir gün sonra məhkəmə qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsi onun barəsində istintaq getdiyi dövrdə onun həbsdə saxlanmasına qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxslərinin barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Nağıyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində saxlanılıb. Amma icra başçılarından fərqli olaraq, onların işi üzrə istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparacaq. Sərhədçilər hərbçi statusunda olduğuna görə yekunda onların işinə də hərbi məhkəmə baxıb hökm verəcək.

General Ə.Nağıyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Amma ittihamların mahiyyəti, onların özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

DTX son 6 ayda Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon icra hakimiyyətlərində, Mədəniyyət Nazirliyində əməliyyatlar keçirib. Həbs olunan icra başçıları, nazir müavini və digər vəzifəli şəxslər əsasən vəzifə cinayətlərində – mənimsəmə, rüşvət almaq və s. əməllərdə ittiham olunurlar.

Onların ailə üzvləri və ya vəkilləri ittihamlarla bağlı heç bir açıqlama verməyiblər.

Ana səhifəSiyasətHəbs olunan genaral məhkəmə qarşısına çıxarıldı