Həbs edilən qazinin anası: “Belə dövlət, belə qanun olar?”

Aygün Zeynalova oğlunun səhhətinin ağır olduğunu deyir

Vallah, oğlum polisə heç nə etməyib. Polis yaralanıb, ölüb? Oğlum polisin harasına vurub, harasını yaralayıb? Göstərsinlər, biz də görək“.

Bunu Meydan TV-yə iyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya keçirən İkinci Qarabağ müharibəsi döyüşçüsü Ceyhun Mübariz oğlu Zeynalovun anası Aygün Zeynalova deyib.

Vətəndaş bildirib ki, təkadamlıq etiraz aksiyası keçirən oğlunu polisə müqavimətlə 20 sutkalıq həbs ediblər.

Aygün Zeynalovanın sözlərinə görə, hazırda oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindədir.

Oğlumla görüşməyimə imkan vermirlər. Uşağım pis gündədir, başı çatlayır. Deyir ki, ana, mənim dərmanlarımı gətir. Belə dövlət, belə qanun olar? Yalvarıram, uşağıma kömək edin”, – şikayətçi deyir.

Bildirir ki, İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralanan oğlu dəfələrlə əlillik dərəcəsi almaq istəsə də, hər dəfə imtina cavabı gəlib:

“İmtinada göstərilirdi ki, müalicə almalısan. Uşağım az qalsın, bütün ruhi dispanserlərdə yatıb. İyunun 3-də Quzanlıya dərmanlarını götürməyə gedib, yoxlayıb, deyiblər ki, sənə əlillik düşmür. Bu da dərmanlarını götürməyib, başılovlu evə gəldi. Başının ağrıları tutdu, nə günə düşdü. Balam öldü-dirildi. Dedi ki, Bakıya gedirəm. Gedib, o xarabada oğlumu həbs ediblər. Niyə sən qaziyə, xəstəyə həbs cəzası verirsən? Oğlum yeddi ildir ki, hərbidədir. Əgər sağlam idisə, niyə hərbidən kənarlaşdırılıb? Əlillik də vermirlər. Bəs bu uşaq dərmanlarını hansı pulla alsın? Necə dolansın?”.

Ceyhun Mübariz oğlu Zeynalovun iyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirdiyi bildirilir.

Vətəndaş bildirib ki, dəfələrlə müraciət etsə də, ona əlillik dərəcəsi təyin edilmir.

Daha sonra polis əməkdaşları vətəndaşı saxlayıblar.

ƏƏSMN-nin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Nazirliyin 142 – “Çağrı mərkəzi”ndən Meydan TV-yə bildirilib ki, “Fərdi məlumatlar haqqında” Qanuna əsasən, məlumat yalnız şəxsin özünə təqdim edilə bilər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Ceyhun Zeynalovla dəfələrlə xəbərdarlıq, izahedici söhbətlər aparılmasına baxmayaraq, o buna əhəmiyyət verməyib:

O, müxtəlif dövlət orqanlarının əməkdaşlarına qarşı kobudluq edib, nalayiq ifadələr işlədib. Hər dəfə onun veteran olması nəzərə alınmaqla onunla çoxsaylı profilaktik söhbətlər aparılıb, lakin o, bu əməllərini davam etdirib”.

Növbəti dəfə — iyulun 5-də Ceyhun Zeynalov daha yüksək, qanunda nəzərdə tutulmayan tələblərlə təkrar müvafiq nazirliyin inzibati binasının yanında kobud hərəkətlərə yol verməklə, onu intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib. Onun hərəkətlərinin qarşısı alınarkən polis əməkdaşlarına qəsdən tabesizlik göstərib, fiziki zərbə vurmağa cəhd edib. Bütün bunlar onlayn çəkiliş aparan şəxslərin gözü önüdə baş verib ki, polis əməkdaşları tərəfindən hər hansı hüquqazidd hal müşahidə olunmayıb”, – deyə DİN sözçüsü bildirib.

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Elşad Hacıyev əlavə edib ki, Ceyhun Zeynalova barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə iş açılıb:

“O, törətdiyi əməlləri etiraf edib. Onun diqqətinə qanunvericiliyin tələbləri çatdırılmaqla ona törətdiyi əməllərlə bağlı izah verilib, gələcəkdə təkrarlanacağı təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məhkəmə qərarı ilə onun barəsində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Ceyhun Zeynalova ailəsi ilə görüşməyə icazə veriləcək”.

Ana səhifəSosialHəbs edilən qazinin anası: “Belə dövlət, belə qanun olar?”