“Avropa Məhkəməsinə şikayət edəcəm”
Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin rus dili və ədəbiyyat müəllimi İbrahim Cəfərov həbs olunub. O, dərs dediyi məktəbdə xuliqanlıq etməkdə günahlandırılıb və 5 gün müddətinə həbs edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə günahkar sayılan müəllim haqqındakı qərardan şikayət verib. Yanvarın 27-də Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə İ.Cəfərovun şikayətinə baxılıb. İ.Cəfərov məhkəmədə bildirib ki, o, heç bir pozuntuya yol verməyib. Onun sözlərinə görə, məktəbin direktorunun göstərişilə şərlənib. İ.Cəfərov bildirir ki, məktəbdəki qanunsuzluqlara susmadığına görə ona böhtan atıb, məktəbdən uzaqlaşdırıblar:
“Çox təəssüf edirəm ki, məhkəmə də heç bir araşdırma aparmadan, mənə qarşı tərtib olunmuş saxta rəylər əsasında haqqımda belə bir qanunsuz qərar çıxarıb. Mən heç bir qanuni əsas olmadan həbs edilmişəm”.
İ.Cəfərov ötən il oktyabrın 17-də məktəbin müəllimi Elnarə Vəliyevanı söyməkdə, məktəbdə xuliqanlıq etməkdə təqsirli sayılıb. İ.Cəfərov isə bunu təkzib edir. Ona verilən sinif otağında lazımi şərait olmadığına görə E.Vəliyevanın dərs keçdiyi kabinetə geçib:
“Elnarə müəllimə həmin vaxt kabinetdə yox idi. Mən uşaqlarla dərsə başlayanda o gəldi. Xahiş etdim ki, bir günlük dərs keçməyə icazə versin. O, cavabında bildirdi ki, bu otağı direktor ona ömürlük verib. Dedim ki, absurddur, nə məktəb, nə də otaqlar kiminsə şəxsi mülkü deyil. Gedib direktora xəbər verdi. Mən də uşaqları götürüb, başqa sinifə apardım. Dərs davam edəndə mənə dedilər ki, məktəbə təcili yardım və polis çağırılıb. Anladım ki, direktorun “gör sənin başına nə oyun açacağam” hədəsi artıq işə düşüb. Məni dərs dediyim yerdə polislər kobud şəkildə apardılar. Heç bir aidiyyatı olmayan ittihamlar səsləndirdilər ki, guya Prezidenti təhqir edirəm, adam bıçaqlayıram və s. Direktorun otağında da Elnarə Vəliyeva uzanmışdı. Təcili yardım onun üçün çağrılmışdı”.
Sabunçu rayonu, 13-cü polis bölməsində məsələ ilə əlaqədar araşdırma aparılıb, İ.Cəfərov haqqında cinayət işi başlanması rədd olunub. İ.Cəfərovun sözlərinə görə, direktor onun haqqında müxtəlif orqanlara məktublar yazıb:
“Mənim uşaqlara rus dilini yaxşı mənimsəmələri üçün öz hesabıma əlavə dərs vəsaitləri alıb gətirməyimi də qəbahət kimi təqdim edib. Hətta polis əməkdaşları bunu oxuyanda təəccübləndirlər ki, bunu nəyi pisdir? Müəllim uşaqlara dərsdən əlavə məşğələ keçir, əlavə dərs vəsaitləri gətirir. Aydın məsələdir ki, bunların hamısı qurama şikayətlər idi”.
Hakim Kamran Əkbərov, apelyasiya şikayətilə bağlı qərar qəbul etmək üçün hətta müşavirə otağına getmədən, dərhal qərarını açıqlayıb:
“Sabunçu Rayon Məhkəməsinin qərarının dəyişməsinə ehtiyac görmürəm”.
İ.Cəfərov hakimdən bu qərarını əsaslandırmasını istəsə də, hakim cavab verməyib. İ.Cəfərov bildirib ki, inzibati xətalarla bağlı işlərdə Apelyasiya Məhkəməsi sonuncu hüquqi müdafiə vasitəsi sayılır. Ona görə də Apelyasiya Məhkəməsinin qərarından Avropa Məhkəməsinə şikayət verəcək.
İ.Cəfərov onu da bildirib ki, 169 saylı məktəbdə baş verənlərlə əlaqədar Təhsil naziri Ceyhun Bayramovla da görüşüb: “Nazir mənə başqa məktəbə getməyi, mən isə bu məktəbə daha səriştəli və daha peşəkar direktor gətirməyi təklif etdim”.
22 ildir 169 saylı məktəbdə rus dili müəllimi işlədiyini deyən Elnarə Vəliyeva isə iddia edir ki, İ.Cəfərov dəfələrlə onu şagirdlərin, kollektivin qarşısında təhqir edib. Onun sözlərinə görə, hadisə günü icazəsi olmadan İ.Cəfərov onun sinfindəki şagirdləri çıxarıb, özü orada dərs keçməyə başlayıb. E.Vəliyevanın sözlərinə görə, mübahisə zamanı İ.Cəfərov ona “qorxaqsan, diktatura altında işləyirsən”,- deyib. Məktəbin direktoru Pərvanə Əzimova da iddia edir ki, İ.Cəfərov kollektiv arasında etik davranış qaydalarına riayət etməyib. Direktorun sözlərinə görə, İ.Cəfərov dəfələrlə onu və digər müəllimləri təhqir edib.