Rasim Quliyevə hökm oxunub
2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olmuş, Bakıda tarixi-memarlıq abidəsinin sökülməsi və yerində hündürmərtəbəli binanın tikintisinə icazə verməkdə ittiham olunan Rasim Quliyevin məhkəməsi yekunlaşıb. Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, 3 il azadlıqdan məhrum edilib.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş minimum cəzadan da az cəza təyin edib.
Rasim Quliyev son sözündə özünü təqsirli bilmədiyini, bu işdə əsl zərərçəkmiş onun özü və ailəsi olduğunu vurğulayıb. Son sözünə Prezident İlham Əliyevi təbrik etməklə başlayan sabiq Aparat rəhbəri xidmətlərindən danışıb.
“Fəaliyyətimdə həmişə səmimi olmuşam. İşlədiyim sahədə, o cümlədən, dövlət qulluğunda əlimdən gəldiyi və bacardığım qədər səmimiyyət və sədaqətlə dövlətimə xalqıma xidmət göstərmişəm. Öz sahəmdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışmışam və xidmətimə görə cənab Prezident tərəfindən medalla təltif olunmuşam. Yaxşı, bir sual məni düşündürür. Niyə mən? Nə üçün mənə qarşı bu qədər və qərəzli ambisioz münasibət? Axı mən millətimi, xalqımı sevirəm, dövlətimə, Prezidentə sadiqəm…”, – Rasim Quliyev bildirib.
O, əlavə edib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarında binaların sökülməsi, yerində yeni hündürmərtəbəli binaların tikilməsi üçün “FF-2011” şirkətinə icazə verilməsi haqda hələ 2012 və 2015-ci illərdə Hacıbala Abutalıbovun sərəncamları olmuşdu. O da həmin sərəncamlara əsaslanaraq, 2018-ci ildə növbəti sərəncama imza atıb.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib.
Rasim Quliyev isə sərəncama göndərilib. Bundan sonra o, YAP Mərkəzi Aparatında işə təyin olunub.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.