“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının Qurucu Heyət üzvləri Ruslan İzzətli və Akif Qurbanov “Meydan TV işi” üzrə həbsdə olan arqument.az saytının baş redaktoru Şəmşad Ağa üçün prezidentə müraciət ediblər.
Akif Qurbanov və Ruslan İzzətli “Toplum TV işi” üzrə həbs olunub.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Müraciətdə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın azadlığa buraxılması istənilib:
“Dəfələrlə bəyan etdiyinizə görə, ölkədə nəyin, nə zaman baş verməsini siz müəyyən edir, qərarı da siz verirsiz. Barəmizdə məhkəmə hökmü olmadan, istintaq orqanlarınızın hələ “sübuta” yetirmədiyi halda belə, bir neçə dəfə ictimai açıqlamalarınızla artıq sübuta yetirilmiş cinayət əməli kimi təqdim edərək bizə qarşı aparılan təqibin arxasında durduğunuzu gizlətməmisiniz. Beləliklə, sizin iradənizlə bu təqiblərlə üzləşdiyimiz nəinki bizə, bütün ölkə və dünya ictimaiyyətinə bəllidir. Nəticədə bizə qarşı edilənlər nə and içdiyiniz İslam dininin müqəddəs kitabı Qurani-Kərimə, nə ölkə Konstitusiyasına, nə də sivil dünyanın siyasi-hüquqi əxlaqına uyğundur”.
Qeyd olunub ki, Şəmşad Ağanın həyat yoldaşı “həyati risk daşıyan ağır xəstəliklə” üz-üzədir və bu səbəbdən əməliyyat olunması vacibdir.
“Təəssüf ki, əməliyyat həyati risk daşıyır, nəticələri barədə həkimlər aydın diaqnoz verə bilmir, yüksək risk daşıdığını ifadə edirlər. Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlı övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın öz həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçınılmaz zərurət yaradır”.
Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
Onlar həmçinin təqiblərin ailələrin həyatına təsir etdiyini vurğulayıb.
“Fərqindəyik ki, üzləşdiyimiz bu haqsız təqiblər açıq və ya gizli formada ailə üzvlərimizi, dostlarımızı və yaxınlarıımızı da əhatə edir. Onlara da müxtəlif əziyyətlər verilir. Lakin elan etdiyimiz prinsiplərdən, ölkəmizdə Üçüncü Respublika qurulmasına nail olmadan çıxdığımız yoldan geri dönəsi deyilik. Bir daha sizin və bütün cəmiyyətin nəzərinə çatdırırıq ki, qurduğunuz “Tək Adam” rejiminə itaət edəsi deyilik. İdarəetmə rejiminizin qaba, özbaşına və maddi gücünə qarşı yalnız dinc və sivil metodlara, hüquqa və mənəvi gücümüzə, daşıdığımız respublikaçı ideallara söykənərək mübarizəmizi davam etdirmək əzmindəyik”.
Siyasətçilər yazıblar ki, “Meydan TV işi” üzrə istintaq yekunlaşdığı üçün Şəmşad Ağanın cinayət işinə təsir etmə və ya ölkədən qaçmaq kimi səbəbləri mövcud deyil.
“Artıq “Meydan TV işi” üzrə ibtidai istintaq da bitib. Bundan sonra Şəmşad Ağanın nə işə təsiri, nə də ölkədən qaçmaq kimi formal səbəblər də mövcud deyil. Ona görə də Şəmşad Ağanın bu çətin anda təcili olaraq ailəsinin başında olub, həyat yoldaşının müalicəsilə məşğul olmasına, uşaqlarına valideyn qayğısını həyata keçirə bilməsinə imkanın yaradılması yalnız sizin əlinizdədir”, – onlar məktubda vurğulayıblar.