Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib

Donald Tramp. Foto: Reuters

İddia Tramp administrasiyasının Harvardın xarici tələbə və təhsil mübadiləsi proqramına qadağa qoyması qərarına qarşı qaldırılıb

Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı federal Massaçusets məhkəməsinə iddia ərizəsi təqdim edib. İddia xarici tələbələrin təhsil almasına qoyulan qadağaya etiraz məqsədi daşıyır. Sənəddə qeyd olunur ki, Ağ Evin qərarı təhsil müəssisəsinə ciddi zərbə vurub.

Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinin xarici tələbələri qəbul və tələbə mübadiləsi hüququ verən – Student and Exchange Visitor Program (SEVP) – proqramı üzrə sertifikatının ləğv olunması göstərişini verib. Artıq universitet xarici tələbələrə viza almaq üçün lazım olan sənədləri təqdim edə bilməyəcək. Harvardda hazırda təhsil alan xarici tələbələr isə ya başqa universitetə keçməli, ya da ölkədə qalma hüququnu itirərək deportasiya olunmalıdırlar.

Nazir Harvardı qanunlara əməl etməməkdə, zorakılığı və antisemitizmi təşviq etməkdə, həmçinin Çin Kommunist Partiyası ilə əlaqələrdə ittiham edib.

Universitetin 168 səhifəlik məhkəmə iddiasında deyilir:

“Qərar minlərlə Harvard tələbəsi və aliminin gələcəyini riskə atır və Amerikaya təhsil almaq və arzularını həyata keçirmək üçün gələn ölkə daxilində saysız-hesabsız digər kollec və universitet tələbələri üçün xəbərdarlıq rolunu oynayır”.

İddiaçı qismində Harvard Universitetinin rəhbərliyi və tələbələri çıxış edir. Cavabdehlər isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Departamenti və Tramp administrasiyasının üzvləri – o cümlədən Kristi Noem, dövlət katibi Marko Rubio və baş prokuror Pem Bondidir.

İddia sənədində vurğulanır ki, Harvard xarici tələbələr üçün təhsil sertifikatını 70 ildən çoxdur ki, alıb və bu qərar universitet üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Universitetin məlumatına əsasən, ötən tədris ilində Harvardda təxminən 7 min xarici tələbə təhsil alıb ki, bu da ümumi tələbə sayının 27 faizindən çoxunu təşkil edir.

Sanki bir imza ilə hökumət Harvardın dörddə birini – universitetin inkişafı və missiyasına mühüm töhfə verən tələbələri – silmək qərarına gəlib”, – sənəddə deyilir.

Aprel ayında ABŞ Prezidenti bəyan etmişdi ki, Harvard Universitetinin federal maliyyələşməsi dayandırılmalıdır. Tramp universitet rəhbərliyini “radikal solçuları, axmaqları və boş beyinliləri işə götürməkdə” ittiham edib və onları “yalnız tələbələrə və guya gələcəyin liderlərinə uğursuzluqları öyrətməkdə” günahlandırmışdı. Həmin vaxt Ağ Ev universitet rəhbərliyindən genişmiqyaslı islahatlar, o cümlədən “Amerika dəyərləri və institutlarına düşmən” tələbələrin qəbulunun yasaqlanmasını tələb etmişdi. Harvard bu tələbi yerinə yetirməkdən imtina etdikdən sonra hökumət universitetin 2,2 milyard dollar dəyərindəki qrantlarını dondurmuşdu.

Tramp administrasiyası ilə Harvard rəhbərliyi arasında baş verən qarşıdurmadan əvvəl, 2023 və 2024-cü illərdə universitet şəhərciyində İsrailin Qəzzadakı hərbi əməliyyatlarını pisləyən etiraz aksiyaları keçirilmişdi. Bu hadisələrdən sonra bir qrup yəhudi Harvard tələbəsi “digər tələbələr arasında antisemitizmin artması” səbəbindən universiteti məhkəməyə vermişdi. Nəticədə Harvard Universitetinin prezidenti Klaudin Qey istefa vermişdi.

Ana səhifəDünyaHarvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib