Şöhrət Məmmədzadə: “Əmək müqaviləsi olmadan işlədiyindən haqqını tələb edən fəhlələr işdən atılır”
Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcik tikilir. “Azəraqrartikinti” ASC tərəfindən tikilən şəhərcikdə fəhlələr müqaviləsiz – günəmuzd işlədilir, normal iş saatından artıq işlədilsələr də, maaşları gecikdirilir, bəhanə göstərilmədən işdən çıxarılırlar.
Bu barədə Meydan TV-yə Qazax rayon sakini Şöhrət Məmmədzadə məlumat verib: “Bu ilin aprel ayının sonlarından Qazax rayonunun Qazaxbəyli ərazisində qaçqın və məcburi köçkünlər üçün tikilən binalarda “Azəraqrartikinti” şirkətində qəlibçi vəzifəsində işləyirdim. İşə qəbul olunarkən, bizə müqavilə əvəzinə ağ kağıza imza atdırdılar. Tikinti gedən ərazidə çalışan digər fəhlələr də mənim kimi sadəcə ağ kağıza imza atdıqlarından və “müqavilə”də nəzərdə tutulan iş saatından xəbərdar olmadıqlarından 11-12 saat işləməli olurlar”.
Şöhrət Məmmədzadə deyir ki, ərazidə işləyən fəhlələrin təhlükəsizlikləri də təmin olunmayıb. Ona görə də, hər hansı xoşagəlməz hadisə ilə üzləşəndə müdiriyyət onların problemləri ilə maraqlanmaq əvəzinə təhqir edir, işdən çıxarır.
“Təhlükəsizlik qaydalarına riayət olunmur. Ayağıma mismar batmışdı. Qazax rayon Mərkəzi Xəstəxanasının verdiyi rəyə əsasən altı gün istirahət edəndən sonra işə qayıtdım. İşlədiyim binanın sahə rəisi, mühəndis Zakir müəllimdən məzuniyyət haqqımı tələb etdim. O, mənə bildirdi ki, bizdə belə şey olmur, amma sizə kömək edərik. Təkrar gedib məsələni qaldıranda, o, sərt bir şəkildə briqadir Samir müəllimə dedi: “Çıxar ona yüz manat ver, it aparanı olsun!”
Qəlibçı haqqı olan məzuniyyət pulunu alsa da, işdən çıxarılıb. Yenidən işə düzəlmək üçünsə Qazax rayon Məşğulluq İdarəsinə müraciət edib. İdarədən bildiriblər ki, onu qeydiyyata götürmək üçün “işdən çıxarılma haqqında əmr”in surətini gətirməlidir. “Azəraqrartikinti” ASC isə bu sənədi vermir.
“Azəraqrartikinti” şikrəti tərəfindən tikilən binalardakı iş rejimi ilə yaxından tanış olduğunu deyən Qazax rayon sakini Məqsəd Mirzəyev də Şöhrət Məmmədzadənin dediklərini təsdiqləyir: “Fəhlələri əmək müqaviləsi olmadan 11-12 saat işlədirlər. Üstəlik, tikinti üçün nəzərdə tutulmuş təhlükəsizlik qaydalarına əməl olunmur. Adamların əməyini istismar edir, üzünə, vücuduna baxıb maaş təyin edirlər ki, sənə on manat verəcəyik, sənə iyimi manat. Əlaqədar orqanlardan xahiş edirik, bununla bağlı bir tədbir görsünlər. Yaxın zamanlarda heç bir tədbir görülməsə, bir qrup insan yığılıb Qazax rayonunun mərkəzində aksiya keçirəcəyik”.
Məsələyə aydınlıq gətirmək üçün adı çəkilən ünvanda – Qazaxbəyli kəndindəki qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə olduq.
9 nömrəli binanın sahə rəisi, mühəndis Zakir müəllimlə (soyadını söyləmək istəmədi – red.) görüşsək də, o, bu barədə danışmaq istəmədiyini bildirdi. Əvəzində Aqil adlı şəxs ərazidə çəkiliş apardığımızı görüb üstümüzə hücum çəkdi, kameramızı əlimizdən almağa cəhd göstərdi. Bu şəxs şikayətçi Şöhrət Məmmədzadəni təhqir edib qovmağa çalışdı. Öyrəndik ki, Aqil sahə rəisinin oğludur, ərazidə “reket” kimi tanınır.
Sahə rəisinin yanında danışmaq istəmədiklərini deyən fəhlələr isə “əmək müqaviləniz varmı” sualına da cavab verməkdən boyun qaçırdılar.
“Azəraqrartikinti” ASC-nin təhlükəsizlik xidməti rəisinin müavini Tahir adlı şəxs də müqavilələrlə bağlı danışmağa ixtiyarı olmadığını dedi: “Bu işlə bağlı bizim mətbuat xidmətimiz məşğul olur. Yəqin ki, fəhlələrin əmək müqavilələrinin olub-olmamasında Əmək Müfəttişliyi bu məsələdə sizdən daha çox maraqlıdır. Hər halda hansı bir səhv olsa, yerindəcə cərimə yazırlar. Doğrusunu bilmək istəyirsinizsə, mənim özüm belə müqaviləni oxumamışam. Şöhrət Məmmədzadənin işdən azad olunması haqqında əmri isə yaxın zamanlarda onun özünə təqdim edəcəyik”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 22 saylı region üzrə (Tovuz, Ağstafa, Qazax) dövlət əmək müfəttişi İmran Əzimov Meydan TV-yə bildirib ki, bu barədə hər hansı şikayət olarsa, araşdırma apara bilərlər: ““Azəraqrartikinti” ASC elektron şəkildə əmək müqavilələrini təqdim edib. Ancaq Ədliyyə Nazirliyindən rəsmi çıxarış olmadan biz ərazidə yoxlama apara bilmərik. Yalnız şikayət olarsa, onu araşdırmaq səlahiyyətimiz var”.
Müqavilə əvəzinə ağ kağıza imza atan Şöhrət Məmmədzadə şikayətini DƏM-nə ünvanlayacaq.
Meydan TV məsələni diqqətdə saxlayacaq.