Əli İnsanov partiyaya sədr seçilib
Yanvarın 25-də Haqq Ədalət Partiyasının təsis konfransı keçirilib.
Partiyanın Təşkilat Komitəsi (TŞ) təsis konfransının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 200 nəfərlik yer ayrılması ilə bağlı müraciət etsə də, paytaxt rəhbərliyi cavab məktubunda müvafiq yeri partiyanın tapmasını tövsiyə edib.
Məlumatı Təşkilat Komitəsi yayıb.
Bildirilir ki, konfransı yalnız şəhərlərin və rayonların seçilmiş sədrlərinin iştirakı ilə keçirmələrinə də bu səbəb olub.
Məlumatda qeyd olunub ki, Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılır.
Konfransda Təşkilat Komitəsinin sədri Əli İnsanov Haqq Ədalət Partiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o seçilib.
Eyni zamanda, 15 nəfərdən ibarət İdarə Heyəti seçilib. İH-nə Əli İnsanov, İsa Sadıqov, İsfəndiyar Vahabzadə, Zəminə Dünyamalıyeva, Rəşad Abbaslı, Fərrux Binətzadə, Elşən Bayramlı, Afina Əliyeva, Babək Adıgözəlov, İlqar Quliyev, Eyvaz Əliyev, Murad Muradov, Əfqan Sadıqlı, Bəhram Mehdiyev, Kamran Cəfərov daxildir. Partiya sədrinin birinci müavini İsfəndiyar Vahabzadə, müavini isə Zəminə Dünyamalıyeva seçilib. Elşən Bayramlı partiyanın Mərkəzi Aparatının rəhbəri, Afina Əliyeva Qadınlar Şurasının sədri, Sevinc Sadıqlı Mərkəzi Təftiş Komisiyasının sədri, Kamran Cəfərov isə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib.
Konfransda mövcud siyasi vəziyyətlə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, ölkədə hərbi polis rejimi tüğyan edir:
“Bu qəddar rejimin öz xalqına qarşı apardığı amansız repressiyalara etiraz səsini qaldıran hər bir vətəndaş və yaxın qohumları təqib və təhdidlərə məruz qalırlar. Əmlakları qanunsuz olaraq əllərindən alınır, işdən çıxarılırlar, bizneslə məşğul olmağa qadağa qoyulur. Siyasi rejimin qoyduğu qanunlara əməl etməyənlər ya həbs olunur, ya da ölkədən xaric edilirlər.
Ona görə də Azərbaycanda siyasi məhbusların sayı durmadan artır. Bu böyük bəlanı ört -basdır etmək üçün rejim muzdlu lobbiçiləri vasitəsi ilə xarici ölkələrdə çox böyük pullar xərcləyir. Bir neçə il bundan əvvəl Londonda bu məqsədlə yaradılmış iki saxta bank vasitəsi ilə 400 (dörd yüz) -dən artıq köçürmə əməliyyatları apararaq 2,9 milyard dollar paylandığı və bundan başqa, AŞPA deputatlarına 3 milyon dollar rüşvət verildiyi məlum oldu, həbs olunan və cəzalandırılan deputatların adları bütün dünyaya yayıldı. Məhz buna görə də 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi, almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycandakı 65 siyasi məhbus barədə təqdim etdiyi qətnamə AŞPA-nın qış sesiyasında qəbul olunmadı”.
Partiyanın sədri Əli İnsanov 1993-2005-ci illərdə Azəbaycanın səhiyyə naziri olub. O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra 11 il azadlıqdan məhrum olunub.
2017-ci ildə cəza müddətinin başa çatmasına az qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb. Və ardınca 7 il 5 gün azadlıqdan məhrum edilib.
Keçən ilin 17 mart tarixində Əli İnsanov əfv sərəncamı ilə azadlığa buraxılıb.