Zərdüşt Əlizadə
Müxtəsər, indi sülh danışıqları gəlib dirənib yolayrıcına, seçim isə indi əsasən Azərbaycanda, daha dəqiq desək, cənab İlham Əliyevdədir
Azərbaycanın tarixi zəfərindən sonra diplomatiyamız yol ayrıcında, sadə seçim
qarşısında dayanıb. İki yol var:
1.Ermənistanla indiyədək razılaşdırılmış 13 bəndi ehtiva edən yüngülvari bir
müqaviləni imzalayıb Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin
tənzimlənməsinə aparan yolu açmaq;
2. Siyasi və lazım gələrsə, hərbi təzyiqi artırmaqla Ermənistanı indiyədək
razılaşdırılmamış 4 bəndin də qəbuluna məcbur etmək.
Hər iki yolun müsbət və mənfi cəhətləri var. Əvvəla, müsbət cəhət ondan ibarətdir ki, birinci yolu seçsək, müttəfiqimiz Türkiyəyə siyasi manevr imkanı yaradarıq, həm Qərbə, həm Ermənistana öz şərtlərini qəbul etdirmək üçün fürsət verərik.
Özümüz də qələbəmizin qanuniləşdirilməsi istiqamətində əməli addım atmış olarıq. Qalan razılaşdırılmamış 4 bənd iki ölkə arasında münasibətlər yaxşılaşdırıldıqca, daha asan həllini tapacaq. Saniyən, Azərbaycana təzyiq girəvəsi axtaran Qərbə və Rusiyaya aydın bildirərik ki, “Qarabağ bəhanəsindən əl çəkmək dəmidir, sizə bizim daxili işlərimizə qarışmamağınız üçün bundan sonra hər iki tərəfin birgə iradəsi var”. Salisən, Türkiyə ilə Ermənistan arasında münasibətlər tənzimlənəndən sonra qısa zaman ərzində Türkiyənin erməni cəmiyyətinə müsbət təsiri o dərəcədə yüksələcək ki, 2-3 ildən sonra “Türkiyə Ermənistanın düşmənidir” deyən erməni millətçisini Yerevanın küçələrində azı yüngülvarı kötəkləyəcəklər. Rabiən, münaqişə tarixin çevrilmiş səhifələrində qaldıqca, hər iki ölkə və xalq sülhün məziyyətlərinin qədrini daha çox biləcək və qarşılıqlı əməkdaşlığı genişləndirməyə can atacaq.
Birinci yolun daha çox üstünlükləri var ki, onları sadalayıb oxucunun vaxtını almaq istəmirəm. Keçək ikinci yolun müzakirəsinə.
Erməni xalqı və Ermənistan dövləti gözəl və əlverişli fürsətləri çox itirir. Son 35 ildə hansı gözəl fürsətləri bada veriblər:
1.Yenidənqurma başlayanda erməni xalqı Azərbaycan xalqı ilə əl-ələ verib SSRİ-nin demokratikləşdirilməsi uğrunda birgə mübarizə apara bilərdi. Əla fürsət idi: demokratik sovet Azərbaycanında və sovet Ermənistanında milli erməni və milli azərbaycanlı azlığı demokratik hüquqlardan istifadə edib daha azad və daha zəngin ola bilərdi. SSRİ dağılmazdı, zirək ermənilər və azərbaycanlılar həm öz elmi və sənaye potensialını qoruyub nəhəng sovet bazarından milyardlar qazanardı, həm də bu iki ölkədə heç kəs işsizlik nədir bilməzdi. Bunun əvəzinə erməni millətçiləri xalqı ədavət və qırğın yoluna sürüklədilər.
2.1994-cü ilin mayında Bişkek protokolu imzalanandan sonra Azərbaycan Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtariyyət vəd verirdi. Erməni tərəfi bunu qəbul etsəydi, indi Qarabağ erməniləri evlərində, Qarabağ da rəsmi statuslu qurum kimi Azərbaycanın daxili siyasətində mühüm amil kimi qalmaqda idi.
3.2020-ci il müharibəsinin ortasında, oktyabr ayında Azərbaycan Rusiya vasitəsilə Ermənistana ətraf rayonların hamısının qaytarılması müqabilində atəşkəs, azərbaycanlıların Şuşaya qayıtması və Dağlıq Qarabağa müəyyən status verilməsi təkifini verdi. Paşinyan erməni parlamentinə bu təklifi çatdırdı, erməni deputatları yekdilliklə “vuruşaq” dedi.
4.2020-2023-cü illər ərzində, üç il Azərbaycan Ermənistana “silahlı qüvvələrini
ərazimdən xoşluqla çıxart, yoxsa vuracağam” dedi. Yerevan bu fürsəti əldən verdi, ta ki, 2023.09.19 tarixinə qədər…
Aqibət bəlli.
İndi də sülh müqaviləsini abırla, ədəb-ərkanla bağlamaq əvəzinə Ermənistan
məntiqlə heç cür anlaşılmayan siyasi manevrlər edir, vurnuxub dünyada özünə
təzə hami axtarır. İddiası da odur ki, “biz öz milli təhlükəsizliyimizi təmin edirik”.
Daha anlamır ki, milli təhlükəsizliyin ən sabit və möhkəm zamini uzaq Fransa deyil, ən yaxın qonşular olan Azərbaycan və Türkiyə ilə mehriban münasibətlərdir. Yəni öz milli təhlükəsizliyini təmin etmək istəyirsənsə, qonşuların da milli təhlükəsizliyini unutma.
Müxtəsər, indi sülh danışıqları gəlib dirənib bu yolayrıcına, seçim isə indi əsasən
Azərbaycanda, daha dəqiq desək, cənab İlham Əliyevdədir. Hansını seçsə,
hadisələr həmin yolla inkişaf edəcək.
İkinci yolu seçsə, yaxınlarda sülh müqaviləsi bağlanmayacaq, Qərblə və təəssüf ki, Türkiyə ilə münasibətlər gərginləşəcək, mətləb uzanıb uzun bağırsağa dönəcək. Türkiyə, təbii ki, öz qərarında üstünlüyü Azərbaycana verəcək, zira bu dövlətin xarici siyasət tərəzisində Azərbaycanın vəzni Ermənistanın vəznindən qat-qat ağırdır. Lakin gəlin etiraf edək ki, bizim tərəfin höcəti Türkiyəni heç də sevindirmir. Deyərdim ki, hətta narazı salır.
Möhtərəm oxucu, siz hansı yolu seçərdiniz?