Şərif Ağayar: “Qadın ədəbiyyatçının “Nobel” alması çox əhəmiyyətlidir”
Nobel Komitəsi 2024-cü il Ədəbiyyat Mükafatının qalibini elan edib.
Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısı Han Qanqa verilib.
O, bu mükafata “tarixi sarsıntılarla üzləşən və insan həyatının kövrəkliyini ifşa edən zəngin, poetik nəsri”nə görə layiq görülüb.
Han Qanq bu mükafatı alan ilk cənubi koreyalı yazıçı və 18-ci qadındır.
Bu il pul mükafatı 11 milyon İsveç kronudur (1 milyon dollar).
Han Qanq 1970-ci ildə Qvanqjuda doğulub, sonra ailəsi ilə birlikdə Seula köçüb.
Yaradıcılığa 1990-cı illərdən başlayıb.
Nobel Komitəsi Han Qanqın 2007-ci yazdığı “Vegeterian” romanını karyera uğuru adlandırır.
Yazıçı bu əsərinə görə 2016-cı ildə beynəlxalq “Buker” ədəbiyyat mükafatına layiq görülüb.
Komitənin bəyanatında deyilir ki, Han Qanq əsərlərində “tarixi travmaları və yazılmamış qaydaları” təsvir edir və “insan həyatının kövrəkliyini” ortaya qoyur.
Nobel Ədəbiyyat Komitəsinin üzvü, isveçli yazıçı Anna-Karin Palm oxuculara Han Qanqın 1980-ci ildə Qvanqjuda baş verən iğtişaşlardan bəhs edən “İnsan hərəkətləri” romanı, ümumiyyətlə, yaradıcılığı ilə tanışlığa başlamağı tövsiyə edir.
“Vegeterian” üsyan və tabular, zorakılıq və həssaslıq, ən əsası isə ruhun ağrılı metamorfozaları haqqında gözəl və narahatedici kitabdır.
Yenhe və əri kabuslar görməyə başlayana qədər çox adi, ölçülü bir həyat sürürdülər.
Xəyallar – qan və qəddarlığın obsesif təsvirləri – Yenheyə əzab verir.
Fikrini təmizləmək üçün o, ətdən tamamilə imtina edir. Bu, yalnız kiçik bir itaətsizlik hərəkətidir, lakin bu, onun evliliyinin kövrəkliyini ortaya qoyur və getdikcə daha qəribə hadisələr zəncirini açır.
Dünya ədəbi tənqidçilərinin fikrincə, “Vegetarian”, güc, vəsvəsə və qadının özünü çöldəki və öz daxilindəki zorakılıqdan azad etmək üçün mübarizəsi haqqında qaranlıq, kafkasayağı alleqoriyadır.
Yazıçı Şərif Ağayar Meydan TV-yə deyir ki, Han Qanqın “Nobel” mükafatına layiq görülməsi yaxşı haldır, eyni zamanda da, təsadüfi deyil:
“Yazıçının “Vegetarian” romanı “Buker” mükafatı alandan sonra “Qanun” nəşriyyatında Azərbaycan dilində çap olundu. Düzü, romanı oxumamışam. Amma oxuyanlar deyirlər ki, maraqlıdır. “Buker” ədəbiyyat sahəsində kifayət qədər ciddi, nüfuzlu mükafatdır və təsadüfi adamlara verilmir. “Nobel” hardasa siyasi prinsiplərlə işləyir. Müəyyən tendensiyalar nəzərə alınır. Amma “Buker” həmişə yaxşı sənətkarlara verilir. Qadın ədəbiyyatçının “Nobel” alması çox əhəmiyyətlidir. Xüsusilə də qadın hüquqları ilə bağlı problem yaşayan ölkələrdə ciddi göstəricidir”.
Builki Nobel həftəsi oktyabrın 7-də başlayıb və artıq tibb, fizika və kimya sahələrində mükafat sahibləri bəlli olub.