“Hakimlər özlərinə hakim ola bilmir”

Fatimə Mövlamlı. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır.

Yazını olduğu kimi təqdim edirik:

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirildi. İlk iki iclasa nisbətən bu dəfəki prosesdə hakimlər aqressiv, qeyri-etik danışıq tərzi və hikkəli tonları ilə seçilirdilər. Xüsusi ilə də prosesə sədrlik edən hakim Aytən Əliyeva – “çırtma vursan qanı çıxmaz” misalını elə bil onu müşahidə edəndən sonra deyiblər. İclas boyu istər müttəhimlər, istər zalda əyləşən insanlara qarşı kobud və hiddətli idi.

Ötən məhkəmə prosesi və 16 yanvardakı iclas bütünlüklə ittihamların elanına həsr edildi. Təxminən 15 səhifə yarımlıq ittiham mətnini dövlət ittihamçısı Ergin Qafarov, iki iclas uzunu üç nəfər təqsirləndirilən şəxsə elan edib yekunlaşdıra bilmədi. Nəzərə alsaq ki, Qafarov aydın olmayan diksiyası və ləng tələffüzü ilə hələ yerdə qalan 9 nəfər barəsində də eyni ittihamları təkrarlamalıdır, deməli, prosesin bu hissəsinə azı 6 iclas “ithaf” edilməlidir.

Bu da bizim və müdafiəçilərimizin haqlı narazılığına səbəb olur. Həmçinin, zalda oturan insanlar, ələlxüsus da ailə üzvlərimiz üçün barəmizdə başdan-başa şər yazılmış ittihamlara təkrar-təkrar qulaq asmaq gərginlik səbəbidir. Təbiidir ki, yerdən replikalar səsləndirilir, insanlar eşitdikləri yalanlara reaksiya verirlər.

Belə situasiyalardan birində hakim Aytən Əliyeva iclasa izləyici qismində qatılan insanları zaldan çıxarmaqla hədələdi. Bu hədə çərçivəsində ön cərgədə əyləşmiş anam Vüsalə xanımın adını xüsusi vurğuladı.

“Belə şey mümkün deyil”, – deyə yerimdən dilləndim.
“Kimdir e, o yerdən danışan?”, – Əliyeva qeyzlə dedi.
“Gözünüz görmür kimdi danışan?”, – deyib, ayağa qalxdım. Çirkin, kobud və aşağılayıcı üsluba dözüm göstərmək olmazdı.
“Qulaq asın, bizimlə və yaxınlarımızla bu tonda, bu formada danışa bilməzsiniz. Nə bura bağçadır, nə də siz tərbiyəçisiniz”, – danışdıqca Aytən Əliyeva hiddətlə qışqırır, məni susdurmağa çalışırdı.
“Ay uşaq, otur yerinə”, – hakimlərdən Vüqar Quliyev üzünü mənə tutub, saymazyana əl hərəkəti ilə dedi.
“Siz yaşca böyüksünüz, amma sifarişlə qərar çıxarmaqla məşğulsunuz. Mən isə gənc yaşımda doğruları danışdığım, yazdığım üçün həbs olunmuşam. Unutmayın ki, sizin bu prosesdə rolunuz siyasi sifarişi yerinə yetirməkdən başqa bir şey deyil. Öz ayıbınıza kor olun, utanın və bizimlə buna uyğun davranın. Eşitdiniz məni?!”, – bunu deyib alqış səslərinin fonunda yerimə əyləşdim.

Lakin, hakimlərin hirsi ara-ara özünü göstərməyə davam edirdi. Heç cür toxtaya bilmirdilər.
Başa düşürəm, Aytən Əliyevanın da, Vüqar Quliyevin də içindəki acıq aldıqları sifarişin üzərilərində yaratdığı təhqir olunmuşluq hissindən irəli gəlir. Aqressiyalarını onlara sifariş verərək hakimlik adlarını ən ağır formada aşağılayanlara yönəldə bilmədiklərindən özlərindən çıxırlar. Amma, ay hakimlər, sizin heysiyyətinizi biz alçaltmamışıq, axı. Odur ki, bizimlə danışanda üslubunuzu sahmana salın.

Növbəti məhkəmə prosesində hakimlərə yazılı etirazımı təqdim edəcəm. O vaxta qədər özünü böyük hesab edən, amma aldığı sifarişin altında əzilib “bir damcı” qalan Vüqar Quliyev və təşəxxüsündən yerə-göyə sığmayan Aytən Əliyevaya 2 tövsiyəm var: Ya prosesə çıxmazdan əvvəl məsləhətli bir sakitləşdirici həb qəbul edin, ya da təhqirinə tab gətirə bilməyəcəyiniz sifarişi öhdənizə götürməyin.

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası

Ana səhifəXəbərlər“Hakimlər özlərinə hakim ola bilmir”