Xaricdə təhsil almış fəallar son günlər gündəm olan “casus şəbəkəsi” mövzusunu şərh ediblər
ABŞ səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Marriott Absheron otelində planlaşdırdığı görüşü təxirə salıb.
Səbəb kimi son günlər hökumətin maliyyələşdirdiyi media orqanlarında ABŞ təşkilatları ilə əməkdaşlıq edənlərlə bağlı hazırlanan xəbərlər olduğu təxmin edilir.
Bu xəbərlərdə həmin görüş “casus şəbəkəsi” və “ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş” şəxslərlə görüş kimi təqdim edilib.
İttihamlarla bağlı ABŞ-ın Bakıdakı səfirliyindən “Turan” İnformasiya Agentliyinə görüşün nə səbəbə təxirə düşdüyü deyilməyib.
Lakin səfirliyin görüşü səbirsizliklə gözlədiyi, tezliklə yenidən planlaşdıracaqları açıqlanıb:
“İki qabaqcıl təhsil və mədəni mübadilə proqramının yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdik. Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi. Tezliklə yenidən planlaşdıracağıq”.
“Məqsəd idarə etmək, çəkindirməkdir”
İsveçdə təhsil alan azərbaycanlı Jalə Bayramova deyir ki, Azərbaycan hökumətinin xaricdə təhsil alanları “agent” kimi təqdim etməsinin tək səbəbi çəkindirməkdir. Onun sözlərinə görə, məqsəd azərbaycanlı gənclərin xaricdə təhsilinin qarşısını almaqdır:
“Dövlət yalnız özünə sədaqətli insanları xaricə göndərir, onlara təhsil verir. İstəyirlər ki, idarə edə bilmədikləri insanlar müstəqil burslardan istifadə edib, xaricdə təhsil almağa getməsin. Ondansa Azərbaycandakı universitetlərə üz tutsunlar. Belə olanda tələbələrin idarəsi asanlaşır. Yoxsa xaricdə təhsil alsın, orada qalsın, ya da gördüyü dəyərləri Azərbaycana gətirsin – bunlar hökumətə sərf etmir, qarşısını almağa çalışırlar”.
Nəzarət etmək istəyi
Jalə Bayramova bildirir ki, hazırda həbsdə olan atası, iqtisadçı Qubad İbadoğlunun həbsinin səbəblərindən biri də elə budur. O, müstəqil fond yaratmaq istəyirdi. Bu fonddan xaricdə təhsil almaq istəyən tələbələr üçün də istifadə ediləcəkdi:
“Azərbaycan hökuməti müstəqil fondlardan, burslardan qorxur. Məsələn, bəzi fondların tələbə seçimi Azərbaycan Təhsil Nazirliyinin binasında aparılır. Yəni xaricə gedən tələbələrə, onların hansı fakültələrdə oxuyacağına qədər – hər şeyə nəzarət etməyə çalışırlar. Yadımdadır, hələ Azərbaycan hökumətinin xaricdə təhsil proqramı olduğu dövrlərdə atam statistik araşdırma aparmışdı. Məlum olmuşdu ki, məsələn, hökumət hüquq sahəsində xaricdə oxumağa çox az tələbə göndərir. Daha çox bank, ofis işləri ilə bağlı işlərə meyilli idilər. İstəmirlər ki, insanlar önəmli sahələrdə təhsil alsınlar”.
“Yerli universitetlərin məqsədi hakimiyyətə sədaqətli insanlar yetişdirməkdir”
Jalə Bayramova bildirir ki, illərdir sərhədlərin bağlı olması da Azərbaycan hökumətinin vətəndaşlarının ölkədən kənara addım atmasını istəməməsinin göstəricisidir:
“Qaldı xaricdə təhsil almalarına, bunu ümumiyyətlə istəmir, çünki bütün prosesə nəzarəti əlində cəmləmək istəyir. Bir sözlə, hökumət idarə edə bilmədiyi insanlardan çəkinir. Ölkədə olan belə insanları həbs edir, lakin xaricdə olanlara əli çatmır. Çalışırlar ki, xaricə təhsil almağa çox az insan getsin. O insanları “agent” adlandırırlar. Valideynlər də televiziyada hökumətin xaricdə təhsil alanlara münasibətini görür, ölkəyə dönənlərin taleyinə baxır, deyir, mənim uşağım xaricdə təhsil almasın. Bu zaman da ölkə universitetlərinə üz tuturlar, məsələn, ADA-ya. Bu universitet də Azərbaycan hökumətinin açdığı təhsil müəssisəsidir, sırf özü üçün diplomatlar hazırlayır. Həmin universitetin məqsədi təhsil vermək yox, hökumətə sədaqətli insanlar yetişdirməkdir”.
“Rusiyada məzun olmuş vətəndaşlar haqqında hökumətdən belə iddialar eşitmərik”
İsveçrədə təhsil almış azərbaycanlı Nəcmin Kamil deyir ki, 45 mindən çox azərbaycanlı tələbə xarici ölkələrin universitetlərində təhsil alır. Bunların ən böyük hissəsi Rusiyanın payına düşür:
“Təbii ki, heç vaxt Rusiyada məzun olmuş vətəndaşlar haqqında hökumətdən belə iddialar eşitmərik. ABŞ dövlət proqramları hesabına, eləcə də, Azərbaycan dövlət proqramları hesabına ABŞ-da təhsil alan vətəndaşlar indi müxtəlif sektorlarda aparıcı rollara malikdilər. Çünki Azərbaycan özü vətəndaşlarına belə keyfiyyətli təhsil verə bilmir. ABŞ səfirliyinin təşkil etdiyi məzun yığıncaqları isə daha çox həmin adamların öz aralarında şəbəkələşməsi üçündür ki, bunun da Azərbaycan üçün faydası böyükdür”.
“Hökumət ABŞ məzunlarına xəbərdarlıq edir”
Nəcmin Kamil deyir ki, Azərbaycan hökuməti öz mediasındakı agentura iddiaları ilə həm hökumət daxilində, həm biznesdə, həm də vətəndaş cəmiyyətində olan ABŞ məzunlarına xəbərdarlıq edir. Deyir ki, Azərbaycan-ABŞ münasibətlərinin pis olduğu dövrdə heç kəs belə tədbirlərdə iştirak edə bilməz:
“Amma bunun həm iqtisadi-siyasi münasibətlər, həm də insan kapitalı baxımından böyük fəsadları olacaq. İlk növbədə bunlar azərbaycanlı tələbələr üçün mövcud olan azsaylı təqaüd proqramlarının gələcəyini təhlükəyə atır. Digər tərəfdən, ABŞ-da təhsil alan istedadlı azərbaycanlılar belə xəbərlərdən sonra ölkəyə qayıtmağa maraq göstərməyəcəklər. Onsuz da bu maraq çox azdır”.
“Düşməni daim kənarda axtarırlar”
İsraildə təhsil almış, hazırda isə Azərbaycanda şirkətlərin birində çalışan və adının açıqlanmasını istəməyən şəxs isə bildirir ki, Azərbaycan kimi hüquq və azadlıqların olmadığı ölkələrdə daim düşməni kənarda axtarırlar. Sanki ölkə çox gözəl idarə olunur, kimsənin haqqı-hüququ pozulmur, hər şey qaydasındadır və bu şəraiti hamı qısqanır. Xalqa daim “bizi qısqanırlar”, “düşmənlərimiz var”, “həmin düşmənlər bizim gənclərin beynini yuyur” – tipli nağıllar danışırlar:
“Çox gözəl bilirlər ki, ölkədən xaricə heç oxumaq üçün deməyim, elə tez-tez gəzməyə gedən insanların beyni fərqli işləyir, onlar hər şeyin fərqindədir. Həmin insanları özlərinə qarşı təhlükə hesab edirlər. İnsan azadlıqlarının pozulduğu, azad məhkəmənin olmadığı, medianın basqı altında saxlandığı bütün ölkələrin düşmənləri xaricdədir və həmin düşmənlər daim onlara pislik etmək istəyir. Ölkənin “qəhrəmanları” isə daim onlarla mübarizə aparır. Bir növ özlərinə düşmən obrazı yaradıb, onunla mübarizə aparır, bunu xalqa təmtəraqlı şəkildə təqdim edirlər. Ən pisi də sadə insanların bu xəbərlərə inanmasıdır”.
“İqtidara canı-könüldən xidmət edən xeyli sayda xaricdə təhsil almış kadr var”
ABŞ-da təhsil almış hüquq müdafiəçisi Anar Məmmədli isə bildirir ki, məzunlarla bağlı yazılar ucuz təbliğatdır. O, yazılanları heç bir əsası olmayan, “düşük” və “gülünc” ittihamlar adlandırıb.
Anar Məmmədli deyir ki, bu iqtidara canı-könüldən xidmət edən xeyli sayda xaricdə təhsil almış kadr var. Müxalif düşərgədə xaricdə təhsil almış kadrların sayı isə barmaq sayı qədərdir:
“İqtidar Bayden hökumətindən incikdir və incikliyini belə düşük formada ifadə edir. Halbuki, daha tutarlı və məntiqli şəkildə küskünlüklərini nümayiş etdirə, razılaşmadıqları məqamları açıqlaya bilərlər”.
“ABŞ-dan demokrat qayıtmaq çətin məsələdir”
Hüquq müdafiəçisi bildirir ki, bir neçə cızma-qaradan sonra ABŞ Məzunlar Birliyinin tədbirinin təxirə salınması isə bu qurumun məzmunsuz fəaliyyətindən xəbər verir. İki gündür hökumət mediasında ittihamlara məruz qalan qurum o qədər “müstəqildir” ki, çıxıb nə məhkəməyə müraciət edir, nə də təkzib tələb edir:
“Çünki əksər üzvləri dövlət strukturları və ya iqtidara bağlı holdinqlərdə çalışır. ABŞ-da yaxşı təhsil alıb, yaxşı kadr kimi ölkəyə qayıtmaq olar, amma ABŞ-da insanların demokratik azadlıqlar, ədalət və bərəbarlik uğrunda mübarizəsindən ilhamlanmaq üçün siyasi dəyərlərə malik olmaq lazımdır. Bu dəyərlər isə evdə, məhəllədə, ya da orta məktəbdə aşılanmırsa, gedib ABŞ-dan demokrat qayıtmaq çətin məsələdir”.
“Bu qurumların rəngli inqilablar edəcəyinə dair iddialar boş və əsassızıdır”
Anar Məmmədlinin sözlərinə görə, Azərbaycanda vətəndaş fəallığını xarici təşkilatlara bağlamaq cəhdi ölkədə insan hüquq və azadlıqları uğrunda mübarizəni etibarsızlaşdırmağa yönəlib. Sanki azərbaycanlılar xarici dəstək olmasa, öz hüquqları uğrundan mübarizə apara bilməzlər. 90-cı illərdə ölkədə vətəndaş cəmiyyəti qurumları formalaşanda nə USAİD vardı, nə BMT-nin İnkişaf Proqramı, nə də Avropa Birliyi:
“Bu qurumlar ölkədə çalışdıqları illər ərzində əsasən, dövlət proqramlarını dəstəkləyib, ayırdıqları maliyyə vəsaitlərinin böyük qismini iqtidarın “xeyir-dua” verdiyi layihələrə ayırıblar. Yəni iqtidarda da bilirlər ki, bu qurumların rəngli inqilablar edəcəyinə dair iddialar boş və əsassızıdır”.
Anar Məmmədli sual edir: elə isə bu tozanaq nəyə xidmət edir?
“Doğrudanmı Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirib imitasiyadan imtina edəcək və bütün xarici qurumları ölkədən qovacaq? Yəni Azərbaycanın adının Belarus və Rusiya ilə bir sırada çəkilməsinə hazırdırlar? Bu suallar siyasi risklərlə dolu cavablar tələb edir. Son 20 ildə Azərbaycan iqtidarı dəfələrlə ABŞ rəsmiləri ilə küsüşüb, sonra da barışıb. Və bu müddətdə Azərbaycan hakimiyyətinə beynəlxalq aləmdə siyasi dəstəyi əsirgəməyən xeyli sayda ABŞ rəsmiləri və qurumları olub”.
ABŞ-a təhsil ardınca gedənlər
2022-2023-cü tədris ilində Azərbaycandan ABŞ-a təhsil almağa 901 gənc gedib. ABŞ səfirliyi bu sayın əvvəlki illə müqayisədə 23.8 faiz çox olduğunu açıqlayıb.
Bu ölkədə təhsil alan tələbələrin çoxuna dəstəyi Azərbaycan hökuməti verib.
Son günlər Azərbaycan hakimiyyətinin maliyyələşdirdiyi media qurumları ABŞ təşkilatlarının ölkədə maliyyələşdirdiyi qurumlardan çox yazır. Həmin məqalələrdə əsas da USAİD-lə çalışan media, qeyri-hökumət təşkilatları “agent” kimi təqdim edilir.
Ötən həftə müstəqil media olan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və bu media qurumunun direktor müavini olan ictimai fəal Məhəmməd Kekalov həbs edilib. Onlara qaçaqmalçılıq ittihamı verilib.
Hər biri barəsində hökumət mediasında müxtəlif kompromat materiallar dərc edilib.
Onlar həbslərini fəaliyyətləri ilə əlaqələndirir, ittihamları əsassız sayırlar.
Vətəndaş cəmiyyəti nümayəndələri ABŞ maliyyə institutları ilə bağlı çıxan kompromat xarakterli materiallardan sonra dəfələrlə bildirib ki, USAİD-dən ən çox maliyyə alan elə hökumətə yaxın QHT və media qurumlardır.