“Sərhədsiz reportyorlar” təşkilatının baş katibi İlham Əliyevə açıq məktub ünvanladı
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatının baş katibi Kristof Delor Fransa prezidenti Fransua Olandın prezident İlham Əliyevlə görüşü ərəfəsində ona açıq məktub yazıb.
“Biz sizin diqqətinizi Azərbaycanda müstəqil mətbuatın acınacaqlı durumuna yönəltmək istəyirik. Bizim təşkilatın dünyada mətbuat azadlığı indeksində 160-cı yeri tutan Azərbaycanda ölkə hakimiyyəti peşəkar və qeyri-peşəkar jurnalistləri görünməmiş amansızlıqla sıxışdırır.
Hökumət özünüsenzura və reklam bazarının manipulyasiyası ilə yayım mediaya tam nəzarət edir. Müstəqil qəzetlər bağlanmağa məcburdur. “Zerkalo” qəzeti ilə belə oldu və mayda qəzetin nəşri dayandırıldı.
Ölkənin digər aparıcı qəzeti – “Azadlıq” astronomik cərimələr, mətbuat yayımı firmalarının sabotajları ilə uğraşır, həmçinin bağlanmaya yaxındır.
Azərbaycanda ən azı 13 jurnalist və bloqqer həbsdədir. Ölkə Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib. Onlardan bəzisinin redaktorunun vəziyyəti ağırdır. Məsələn, “Xural” qəzətinin redaktoru Əvəz Zeynallının vəziyyəti ağırdır.
Məhkəmələr hüquqi prosedurlara, müdafiə tərəfinin hüquqlarına əməl etmirlər. Tanınmış jurnalistlər və bloqqerlər hər cür təqiblərə, fiziki zorakılğa, şantaj, iyrənc qarayaxma kampaniyasına məruz qalırlar”, – müraciətdə deyilir.