“Hakimiyyət medianın fəaliyyətini yaxşılaşdırmaq istəyirsə, jurnalistlərin fəaliyyətinə müdaxiləni aradan qaldırsın”

Müşfiq Ələsgərli deyir ki, mediada problemlərdən biri domenlərlə bağlıdır.

Source: Facebook


“KİV haqqında” Qanuna dəyişiklik edilə bilər

Azərbaycanda “KİV haqqında” qanunvericiliyə yenidən dəyişikliklər edilə bilər. Son vaxtlar bir sıra media orqanlarında “KİV haqqında” Qanunun dəyişdirilməsi, “yeni medianın köhnə qanunlarla” idarə olunduğuna dair ard-arda dərc edilən yazılarla mütəmadi rastlaşdığımızdan belə qənaətə gəlmək olar. Azərbaycanda adətən hər hansı dəyişiklik olanda bu barədə hakimiyyətyönümlümediada müzakirələr başlayır, bu mövzuda süni gündəm yaradılır. Daha sonra isə həmin məsələnin reallaşması istiqamətində addımlar atılmağa başlayır. Bu dəfə isə söhbət “KİV haqqında” qanunvericilikdən gedir.

“KİV haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Sonradan bu qanuna bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Bundan başqa, KİV-in fəaliyyətinə birbaşa aidiyyatı olan “Televiziya və radio yayımı” haqqında, “İctimai yayım” haqqında, “İnformasiya, informasiyasızlaşdırma və informasiyanın mühafizəsi” haqqında və digər qanunlar qəbul olunub. Bunlardan başqa qanunvericilik layihələrinə KİV-in fəaliyyətinə birbaşa təsir edən bir neçə maddələr salınıb.

Bu qədər qanunvericilik bazası olduğu halda nədən KİV haqqında qanunvericiliyi dəyişmək istəyi hansı zərurətdən meydana gəlir? Bu dəfə məqsəd nə ola bilər?

Müstəqil jurnalist Seymur Kazımov bildirir ki, öncəki təcrübələrə baxsaq, bu vaxta kimi bu sahədə qanunvericiliyə edilən dəyişikliklər jurnalistlərin fəaliyyətinə qarşı, eyni zamanda söz azadlığının əleyhinə olduğundan indi olunan təkliflərə də şübhə ilə yanaşır. Jurnalist deyir ki, bu dəfə qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklərin qaralaması ortada olmadığından söhbətin konkret nələrdən getdiyini dəqiq bilməsə də, güman edir ki, hər halda bu dəfə də müsbətə doğru bir dəyişiklik gözlənilmir:

“2013-cü ildə Cinayət Məcəlləsində və İnzibati Xətalarda müvafiq bəndlərə dəyişiklik edildi ki, internetdə təhqiri ora əlavə etdilər. 2017-ci ildə saytların bloklanması məsələsini qanunvericiliyə əlavə etdilər. Yəni əslində başqa-başqa qanunlarla bu tənzimləmə dedikləri məsələləri əlavə ediblər. Amma “KİV haqqında” Qanuna tənzimləmə adı altında nə təklif edirlər, hələ biz onu görməmişik. Bəlkə də bu cəmiyyətin nəbzini yoxlamaq üçündür”.

Seymur Kazımov qeyd edir ki, cari “KİV haqqında” Qanun müəyyən qədər jurnalistlərin iş prinsipini tanıyır və jurnalistlərin fəaliyyətinə problem yaratmır.

“İnformasiyalaşdırma haqqında qanunda saytların bloklanması məsələsi var. “KİV haqqında” Qanunda isə göstərilir ki, senzura yolverilməzdir. Yəni biri o birisini təkzib edir. “KİV haqqında” Qanun digərlərinə baxanda bir qədər demokratikdir. Yəni müəyyən mənada jurnalistin iş prinsipini tanıyır. İnternetin KİV-in predmeti olduğunu göstərir. Doğrusu, sonradan həmin qanuna 10-dan artıq əlavə dəyişiklik edilib. Amma yenə cari qanun mənim jurnalist kimi fəaliyyətimə o qədər də maneə yaratmır. Amma saytların bloklanması məsələsi kimi məsələlər ortaya çıxanda “KİV haqqında” qanun əsas götürülmür, “İnformasiyalaşdırma” haqqında qanunu əsas götürürlər. Məsələ budur.”

Jurnalist deyir ki, medianın fəaliyyətinə problem yaradan sonradan qəbul edilmiş qanunlar və ya bəzi qanunlara edilmiş əlavə dəyişikliklərdir.

““Kommersiya sirri haqqında” qanuna əlavə edilən dəyişikliklər, yəni jurnalistlər artıq sorğu göndərib bəzi məlumatları ala bilmirlər, təhqir və böhtana görə qanunvericiliyə internetin əlavə olunması, “Diffamasiya haqqında” qanunun hələ də qəbul olunmaması kimi problemlər var. Saytların bloklanması məsələsinin qanunvericiliyə salınması, ümumiyyətlə, Konstitusiya ilə ziddiyyət təşkil edir. Yəni bir dənə “KİV haqqında” Qanunu dəyişdirməklə jurnalistlərin fəaliyyəti yaxşılaşdırılmır. Məsələ kompleks yanaşma tələb edir”.

Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirir ki, Azərbaycanda “KİV haqqında” qanunvericilik ölkənin Avropa Şurasına üzv olduğu dönəmlərdə kifayət qədər əhatəli şəkildə hazırlanmışdı. Onun sözlərinə görə, sonradan əskikliklər digər qanunlarla xeyli təkmilləşdirilib. Ekspertin fikrinə görə, indi tənzimləmə adı ilə yenə də nələrisə məhdudlaşdırmaq istəyirlər.

“2005-ci ildən sonra bu qanunların hamısını dəlik-deşik etməyə başladılar. Hamısında “nəsə çatmır” düşüncəsi ilə, mövcud olan normalara məhdudlaşdırıcı xarakterlər gətirdilər. Halbuki bu yanlış düşüncə idi. Ən sonda 2017-ci ildə “İnformasiya, informasiyasızlaşdırma, informasiyanın mühafizəsi haqqında”Qanuna internet resurslarının bloklanması, sonra Cinayət Məcəlləsinə əlavə məsuliyyətlərin gətirilməsi onu göstərdi ki, bizim siyasətçilərin xəyal üfüqü o qədər genişdir ki, onlar sistemli şəkildə nələrsə düşünə bilirlər. Ona görə qanunvericilikdə ehtiyac olmasa da, amma bu, bir reallıqdır ki, məhdudlaşdırmaq üçün hər zaman ideyaları var. İndi baş verən də böyük ehtimal budur”.

Ələsgər Məmmədli deyir ki, Avropa Konvensiyasının 10-cu maddəsi çərçivəsində KİV haqqında qanunvericilik monitorinq edilsə, aydın olar ki, qanunvericilik Konvensiyaya kifayət qədər zidd müddəalarla dolub. Ekspertin fikrincə, hökumət Avropa Şurası standartlarından tamamilə uzaqlaşmaq ideyasındadırsa, yenə hansısa məhdudlaşdırıcı addımlar atacaq. Bu isə sistemli şəkildə ölkənin əleyhinə Avropa Məhkəməsində çıxan qərarlarla müşayiət olunacaq. Onun sözlərinə görə, hazırda KİV-in daha öncül problemləri var.

“Azərbaycanda KİV-in problemi siyasi azadlıqdan başlayır. İqtisadi azadlıqlarla davam edir. Ondan sonra KİV-də qeyri-peşəkarların yer alması və KİV sahəsində ümumiyyətlə dövlətin təhsilə müdaxiləsi problemi var. Bu da çox ciddi problem yaradır. Ən sonda isə qanunvericilik problemi gəlir”.

Hüquqşünas bildirir ki, hakimiyyət medianın fəaliyyətini yaxşılaşdırmaq istəyirsə, jurnalistlərin fəaliyyətinə qeyri-qanuni formada edilən müdaxilələri aradan qaldırsın.

“Bu da bir reallıqdır ki, Azərbaycan Konstitusiyasında müəyyən olunan standartlar artıq çoxdan yoxdur. Məsələn, “Hərbi vəziyyət haqqında” Qanuna senzuranın gətirilməsi, cəbhə xəttində hər hansı hadisə baş verəndə ora jurnalistlərin icazə ilə getməsi. Yəni qanun belə bir şey tələb etmədiyi halda praktik olaraq əlavə belə tədbirlər çıxır ortaya. “İnformasiya haqqında” Qanuna görə informasiya almaq hər kəsin hüququ olduğu halda bulvar kimi ictimai yerlərdə jurnalistlərin əlindən mikrofon, kamera ala bilirlər. Bizdə hüququn müəyyən etdiyi çərçivədən kənar ən böyük problem praktiki olaraq jurnalistlərə verilən meydanın darlığıdır. Bunlar isə siyasi yanaşma ilə dəyişilə bilər. Media azadlığının gerçək dəyərini dərk etməklə dəyişə bilər. İndiki hökumətin belə bir qayğısı yoxdur”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirir ki, 1999-cu ildə qəbul edilən qanun demokratikyönlü olsa da, hazırda həmin qanunun içərisində müəyyən boşluqlar özünü göstərməkdədir. Onun sözlərinə görə, xüsusən KİV-in təsisçiliyi, forma və standartları, onun istinad materialları məsələsində və digər məsələlərdə çox ciddi şəkildə boşluqlar var.

“O boşluqların aradan qaldırılması ilə bağlı biz bu gün danışırıq. Amma Mətbuat Şurası 6-7 ildir ki, məsələ qaldırır ki, o boşluqlar aradan qaldırılmalıdır. Məsələn, qəzetin təsisçisi ali təhsilli olmalıdır, qəzet mütləq ayda ən azı bir dəfə çap olunmalıdır. Televiziya və radio haqqında da müəyyən standartlar var. Amma onlayn medianın inkişafı ilə əlaqədar olaraq bu standartlar sıradan çıxıb”.

Müşfiq Ələsgərli deyir ki, onlayn medianın tənzimlənməsinə nəzarət edən müəyyən standartlar olmalıdır. Onun sözlərinə görə, sosial mediada yaranan mediaların fəaliyyəti qanunvericiliyə və standarlara uyğun deyil.

“Onların fəaliyyəti “KİV haqqında” qanunvericiliyə uyğun deyil. Çünki xəbər yaymağın, onu istehsal etməyin özünün etik qaydaları və standartları var. Onların fəaliyyəti bu qaydalarla uyğun gəlmir. Onda bunlarla necə davranmaq lazımdır?”

Müşfiq Ələsgərli deyir ki, mediada problemlərdən biri domenlərlə bağlıdır.

“Bizdə domen haqqında qanun yoxdur. Ümumiyyətlə, bu məsələni tənzimləyən xüsusi bir maddə yoxdur. Siz zəhmət çəkib bir media orqanı yaradırsız, inkişaf etdirir, tanıdırsınız. Sabah kimsə həmin adı götürüb bir hərf və ya nöqtə-vergül əlavə etməklə bənzərini yaradır. Sizin illərdir çəkdiyiniz əməyi sui-istifadə, dublikat kimi istifadə edir. Bütün bunların tənzimlənməsinə ehtiyac var. Bu məsələlər qanunvericilikdə öz əksini tapmalıdır”.

Müşfiq Ələsgərli təklif edir ki, ümumiyyətlə müasir dövrün tələbləri və sosial medialar nəzərə alınmaqla KİV haqqında qanunun yenidən işlənməsinə ehtiyac var. Mətbuat Şurasının sədr müavini təklif edir ki, ümumiyyətlə bütün KİV haqqında qanunvericilik birləşdirilib İnformasiya Məcəlləsi hazırlansa, daha yaxşı olar. Onun sözlərinə görə KİV-in fəaliyyətini tənzimləmək üçün ilk növbədə qanunvericilik yenilənməlidir.

“İlk problem qanunvericilikdən başlayır. Qanunvericiliyin yaratdığı boşluqlar aradan qaldırılmadan digər problemlərin aradan qaldırılması imkansızdır. Bu,birinci etapdır. Nərdivanın birinci mərhələsidir. Birinci pilləni qaydaya salmadan digər məsələlər haqqında danışmaq absurd olar”.

Ana səhifəAnalitika“Hakimiyyət medianın fəaliyyətini yaxşılaşdırmaq istəyirsə, jurnalistlərin fəaliyyətinə müdaxiləni aradan qaldırsın”