Hikmət Hacızadə hesab edir ki, Azərbaycan diplomatiyası o məqamı qaldırmalıdır ki, Rusiya Ukrayna məsələsində pislənildiyi kimi Ermənistan da Qarabağın işğalına görə pislənilməlidir
İyulun 2-də ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.
Bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib. Xüsusən, ATƏT PA Helsinki Yekun Aktında yer alan sərhədlərin və ərazi bütövlüyünün pozulmazlığı, mübahisələrin dinc yolla həlli, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsiplərinə riayət etməyin əhəmiyyətini vurğulayır və RF-ni Krımın ilhaqını ləğv etməyə çağırır.
ATƏT PA həmçinin iştirakçı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və hazırda mövcud olan sənədlərin mənasının və təfsilatının fərqli şəkildə təfsirinin qarşısının alınması məqsədilə assambleya çərçivəsində yeni arbitraj sistemi yaratmağa çağırır. Bu bənd bəyannaməyə Helsinki prinsiplərinin subyektiv və şəraitə uyğun təfsiri və separatçılığa bəraət verilməsi, onun xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim edilməsi cəhdləri ilə əlaqədar daxil edilib.
Bəyannaməni Meydan TV-yə şərh edən politoloq Hikmət Hacızadə hesab edir ki, bu cür sənədlər nə qədər çox və ciddi, sərt olsa, Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərəcək. Çünki ortalıqda analogiya var və bu problemlər həllini tapacağı şəkildə Azərbaycan Qarabağ məsələsini bu cür sənədlərə uyğun gündəmə gətirə bilər.
Politoloq sənəddə assambleya çərçivəsində yeni arbitraj sisteminin yaratması məsələsinə diqqət yönəltdi: “Biz həmin sistemə Qarabağla bağlı sənədləri təqdim edə bilərik. Ona görə bu istiqamətdə işləməliyik. Xüsusən Azərbaycan diplomatiyası, ictimaiyyəti o məqamı qaldırmalıdır ki, Rusiya Ukrayna məsələsində pislənildiyi kimi Ermənistan da Qarabağın işğalına görə pislənilməlidir. Qarabağ məsələsini Krım ilhaqına bağlamalıyıq”.
Hikmət Hacızadə Bakı bəyannaməsinə görə Kremlin Bakıya təzyiqlər edə biləcəyi haqda fikirləri belə qiymətləndirdi: “Onsuz da Moskvanın təzyiqləri olur. İkinci, bəyannaməni yalnız Azərbaycan hökuməti gündəmə gətirməyib, ATƏT üzv olan ölkələr də dəstəkləyib”.