Hakim partiya – YAP reyestrdən keçdi

Yeni Azərbaycan Partiyası, Foto: http://yap.org.az/

Tahir Budaqov: “750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq”

Ədliyyə Nazirliyi Yeni Azərbaycan Partiyasını reyestrdən keçirib.

Bu barədə YAP sədrinin birinci müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov “Gununsesi.info”-ya məlumat verib.

Tahir Budaqov deyib ki, hakim partiya “Siyasi partiyalar haqqında” yeni qanunun tələbinə uyğun olaraq  üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi:

“Artıq nazirlikdən bizə müsbət cavab gəlib. 750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq”.

Ədliyyə Nazirliyi əməkdaşlarının siyahıda üzv kimi təqdim olunan YAP-çılara telefon açıb-açmamasına gəlincə, Tahir Budaqov deyib ki, nazirlik bunu dəqiqləşdirmə üçün edib: “Bəli, bizim də adlarını təqdim etdiyimiz üzvlərimə zənglər edilib. Burada qeyri-adi nəsə yoxdur”.

Tahir Budaqov. Mənbə: “stat.gov.az”

Mətbuatda dərc olunan xəbərlərə əsasən, YAP yeni qanunun qüvvəyə minməsindən sonra ilk partiyadır ki, reyestrdən keçirilib.

Yeni Azərbaycan Partiyası “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə yaradılıb.

Elə həmin ilin dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməsi nəticəsində Azərbaycanda iqtidar partiyasına çevrilib. O vaxtdan da hakim partiyadır.

Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.

Ədliyyə Nazirliyi  iyulun 19-da Müsavat Partiyasına,2 gün əvvəl isə REAL Partiyasına qeydiyyatla bağlı mənfi cavab verib.

Nazirlik bir həftədən çoxdur müxalif partiya üzvləri ilə əlaqə saxlayıb onlara siyasi mənsubiyyəti ilə bağlı suallar verir. Bu yanaşma sosial şəbəkələrdə və bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmır. Onlar yoxlama prosesinin qanunun tətbiqində problemlərin olmasından irəli gəldiyini deyirlər.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Ana səhifəSiyasətHakim partiya – YAP reyestrdən keçdi