Məhkəmə iş adamının şikayətini təmin etməyib
Yanvarın 28-də Bakı Apelyasiya Məhkəməsində “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun ev dustaqlığına buraxılması üçün verilmiş apelyasiya şikayətinə baxılıb. Bu barədə Meydan TV-yə məhkəmədən verilən məlumatda bildirilir ki, şikayətə hakim Kamran Əkbərovun sədrliyilə baxılıb.
Məhkəmə prosesində Hafiz Məmmədov özü də iştirak edib.
Hafiz Məmmədovun vəkili onun istintaqdan yayınmaq niyyətinin olmadığını, əgər həbsdə olmazsa, vergi borcunun ödənməsi üçün əlindən gələni edə biləcəyini bildirib. Özü də məhkəmədən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Qarşı tərəf isə buna etiraz edib. İstintaq orqanının nümayəndəsi bildirib ki, Hafiz Məmmədov dəfələrlə istintaqın çağırışlarına gəlməyib.
Məhkəmə iş adamının şikayətini təmin etməyib – Hafiz Məmmədovun barəsində ilkin istintaq dövrü üçün 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Mənbə Meydan TV-yə bildirib ki, Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətlərin vergi borclarının qapadılması haqda açıqlama həqiqətə uyğun deyil.
Hafiz Məmmədov lisenziyası ləğv olunan “Bank of Azerbaijan”ın, “Baghlan Group” və bir sıra başqa böyük şirkətlərin sahibi olub.
Onun barəsində cinayət işinin istintaqı Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılır. Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətlərin böyük məbləğdə vergi borcları var.
Bir neçə ildir ki, məhkəmələrdə Hafiz Məmmədov və ailə üzvlərinə qarşı çoxsaylı məhkəmə iddiaları var. Həmin iddiaların bir çoxunda Məmmədovlara məxsus əmlakların müsadirəsi tələb olunur.