Hacı Vəliyevin xəstəxanaya yerləşdirildiyi bildirilir

Hacı Vəliyev. Foto: Şəxsi Facebook səhifəsi

Onun 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparıldığı deyilir

“Gənc Qazilər” İctimai Birliyinin həbsdə olan sədri Hacı Vəliyevin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ailəsinin verdiyi məlumata görə, o, 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparılıb.

Bildirilib ki, Hacı Vəliyev havaya çıxa bilmir, gözləri ağrıyır.

“Saxlanılma yerində isə müalicə və müayinəsini həyata keçirmək üçün həkim ayrılmayıb. Onun reabilitasiya mərkəzində müalicəyə ehtiyacı var”, – qazinin yaxınları bildiriblər.

Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.

O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb.

Hacı Vəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə əvvəllər açılmış cinayət işi üzrə ittiham olunaraq həbs olunub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.

Ana səhifəSiyasətHacı Vəliyevin xəstəxanaya yerləşdirildiyi bildirilir