“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının (Libre) psixoloji vəziyyətinin ağır olduğu deyilir.
Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Əsli Əlizadə məlumat verib.
Əlizadənin sözlərinə görə Nurlan Libre dekabrın 22-də keçirilən məhkəmədə qanunsuz həbslərə etiraz olaraq qollarını kəsib. Penitensiar Xidmətin əməkdaşları onun qolunu arxadan qandallayaraq zorakılıqla cəzaçəkmə müəssisəni aparıblar. Bundan sonra Libre 2 gün karsda saxlanılıb.
“Bu gün Nurlanla görüşdüm. Psixoloji vəziyyəti məni həddindən artıq narahat edir. Bu qədər uzun müddət qanunsuz formada dörd divar arasında təcrid olunduqdan sonra azadlığa qovuşmaq ümidi qalmayıb. 2 gün karserdə soyuqda və natəmiz şəraitdə saxlanılıb, kamerası dağıdılıb. Qolundakı izlər hələ sağalmayıb”, – deyə Əlizadə bildirib.
Bundan əvvəl dekabrın 1-də Nurlan Libre Penitensiar Xidmətin “konvoy” alayının əməkdaşları tərəfindən Səbail Rayon Məhkəməsinin, dustaqlar saxlanılan kamerasında zorakılığa məruz qalmışdı. O, tibbi ləvazimatların olmamasına irad bildirdiyi üçün “Fələstin halqası” işgəncə metodu ilə 1 saat stola bağlı vəziyyətdə saxlanılıb.
Nurlan Libre 2025-ci il fevralın 21-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.