Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

Ələsgər Məmmədli. Foto: Meydan TV

14 il azadlıqdan məhrum edilən Toplum TV-nin həmtəsisçisi, media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhətində yenidən problem yaranıb. Onun həyat yoldaşı Günay Məmmədlinin bildirdiyinə görə, Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında ürək tutması keçirib və bir müddət ağrılar içində yataqda qalıb.

Günay Məmmədli avqustun 9-da sosial şəbəkədə paylaşdığı məlumatda həyat yoldaşının ürək döyüntülərinin dəqiqədə 120-dən yuxarı olduğunu bildirib. Onun sözlərinə görə, isti hava şəraitində Məmmədli qalxanabənzər vəzindəki 23×25 millimetr ölçülü törəmə ilə əlaqəli boğulma halları da yaşayır.

Günay Məmmədli bildirir ki, hadisənin həftəsonuna təsadüf etməsi səbəbilə təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib.

“Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız? Əgər məqsədiniz günahsız insanı sırf savad və biliyi üçün öldürməkdirsə birdəfəlik öldürün bitsin”, – deyə o paylaşımında yazıb.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Penitensiar Xidmət tərəfindən hazırda hər hansı açıqlama verilməyib. Ona tibbi yardım göstərilib-göstərilmədiyi də məlum deyil.

Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar daha əvvəl də ailəsi və vəkilləri tərəfindən gündəmə gətirilib. Günay Məmmədli məhkəmə iclasları zamanı onun boğazındakı şişlərdən, ürək sancılarından, yüksək təzyiqdən, diabetdən əziyyət çəkdiyini və mütəmadi olaraq dərmanlar qəbul etdiyini bildirib. Vəkilləri isə səhhətini əsas gətirərək onun ev dustaqlığına buraxılması ilə bağlı dəfələrlə vəsatət qaldırıblar. Bu vəsatətlər təmin olunmayıb.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də “Toplum TV işi”nə görə saxlanılıb. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Ələsgər Məmmədli 14 il, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və siyasətçi Ruslan İzzətli 15 il, digər təqsirləndirilən şəxslər isə 12 ildən 14 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş bəzi əmlakların müsadirə olunmasına qərar verib.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu deyirlər.

Ana səhifəSiyasətHəyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”