Hərbidə yaş həddinin endirilməsi: “Yəqin, düşünürlər ki, böyük orduya ehtiyac yoxdur”

Hərbi, foto: Meydan TV

“İndiyə qədər ordudakı korrupsiya əleyhinə hansısa rəsmi bəyanat eşitməmişəm” 

Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna və bununla əlaqəli bir sıra qanunlar paketinə təklif olunan dəyişiklikləri qəbul edib.

Təklif olunan dəyişikliklərə əsasən, ilkin hərbi qeydiyyata alınan və ya qanunla qeydiyyata alınmağı nəzərdə tutulan Azərbaycan vətəndaşı kişilərin həqiqi hərbi xidmət keçmək üçün nəzərdə tutulan yuxarı yaş hədii azaldılıb.

Əvvəl həqiqi hərbi xidmət keçmək üçün təyin edilən yaş intervalı 18 yaşdan 35 yaşa qədər idi, lakin indiki dəyişikliyə əsasən, yuxarı yaş həddi 35-dən 30-a, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. 

Təklif olunan dəyişikliklərə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda tələb olunan-şəxslərin qeydiyyata alınması, əlillik və digər şəxsi məlumatlarında baş verən dəyişikliklərin həmin qanunla təyin edilən vaxt ərzində təqdim edilməməsi nəticəsində vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 900-1100 manat cərimə (bu cərimələr əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artırılıb) ediləcək.

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov. Foto: Meydan TV

Bəs bu dəyişikliklər hansı zərurətdən doğub?

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə açıqlamasında əsas dəyişikliyin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edildiyini deyir. 

Onun sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan azərbaycanlı kişi çağırışçılar (ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan) artıq 18 yaşından 35 yaşınadək deyil, 30 yaşınadək vətəndaşlar olacaqlar.

Hüquqşünas digər rəsmi sənədlərdəki dəyişikliklərin isə sadəcə qanunlardakı müddəaların əsas dəyişikliyə uyğunlaşdırılması üçün edildiyini deyir. 

O bildirib ki, hər hansı bir qanun dəyişəndə avtomatik olaraq başqa qanunların əlaqəli müddəaları da həmin dəyişikliyə uyğunlaşdırılır:

“Qanunlara edilən digər dəyişikliklərə gəldikdə isə onlar da çağırış yaşının 30-a endirilməsi ilə bağlıdır. Müddətli hərbi xidmətə çağırış 3 aydan bir keçirilir və çağırılmalı şəxslərin sayı müəyyən edilir. Çağırışçı yaşının yuxarı həddinin aşağı salınması avtomatik olaraq çağırışçı hovuzunu kiçildir. Bu zaman planı doldurmaqda problemlər yarana bilər. Bu səbəbdən də qanunvericilikdə çağırışçı yaşının yuxarı həddini aşağı salmaqla yanaşı, çağırışa dair digər müddəalarda dəqiqləşmələr və bəzən məsuliyyətlərin konretləşdirilməsi və sərtləşdirilməsi aparılır ki, çağırış zamanı problem yaranmasın”.

Bağırov qeyd edir ki, bu məqsədlə: 

  • Cinayət Məcəlləsinə edilən dəyişikliklə “çağırışdan boyun qaçırma” anlayışı dəqiqləşdirilir və artıq tibbi müayinədən yayınma da çağırışdan boyun qaçırmaya aid edilir. Eyni məqsədlə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliklə tibbi müayinədən keçmək də hərbi vəzifəyə aid edilir.
  • İnzibati Xətalar Məcəllənin 603.2-ci maddəsinə edilən dəyişikliklə çağırışçalarla bağlı məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə məsuliyyət ağırlaşdırılır. 
  • Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə çağırışçıların, ələlxüs çağırışdan yayınan vətəndaşların ölkədən getməsi qaydasında dəqiqləşmələr edilir. 
  • Artıq çağırış vərəqələrinin Elektron Hökumət İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”, “elektron poçt” vasitəsi ilə göndərilməsi qaydası gətirilir. 
  • Bundan başqa, sağlamlıq vəziyyətinə görə dinc dövr üçün hərbi xidmətə yararsız hesab edilmiş şəxslərin hər 3 ildən bir sağlamlıq vəziyyəti yoxlanılırdısa, bu müddət artıq 1 ilə endirilib. Bütün bu dəyişikliklər, çox güman ki, çağırışçılar üçün yuxarı yaş həddini aşağı saldıqdan sonra, çağırışçı hovuzunun daralmasına qarşı görülən tədbirlərdir. 
  • Həmçinin möhlət verilmə qaydaları da sərtləşdirilir. 

Bəs yuxarı yaş həddi niyə azaldılır? 

Hüquqşünas burada bir sıra məqsədlərin ola biləcəyini qeyd edir. 

Onun fikrincə, burada əsasən üç məqsədi ola bilər ki, bunlardan birincisi demoqrafik göstəricilərdir:

“Məsələn, 2024-cü ilə aid olan məlumatlara əsasən, Azərbaycanda 30 yaşına qədər olan vətəndaşların ümumi sayı 4 281 700 nəfər olmaqla, ümumi əhalinin təxminən  41 %-ni təşkil edir. Nəzərə alsaq ki, əhalinin təxminən 49,8 %-i kişidir, bu fakt çağırışçı hovuzunun yetərincə böyük olması deməkdir”.

Bağırov deyir ki, ikinci səbəb dövlət hərbi doktrinası və təhlükəsizlik məqsədləri ilə bağlı ola bilər, yəni artıq böyük orduya ehtiyacı yoxdur, ona görə də çağırışçıların yuxarı yaş həddi endirilir:

“Bu da II Qarabağ müharibəsindən sonra yaranan tendensiyaya uyğundur. 1967-ci ildən Azərbaycanda çağırışçılar üçün yuxarı yaş həddi 27 yaş olub. Bu yaş həddi I Qarabağ müharibəsindən sonra, tədricən 35 yaşa kimi qaldırılmışdı. Yəqin, hesab edirlər ki, artıq böyük orduya ehtiyac yoxdur”. 

O, üçüncü səbəb kimi dövlətin büdcədən bu istiqamətdə ayırdığı xərcləri azlatmaq istəyi ilə əlaqələndirir:

“Ordunun kiçildilməsi dövlət xərclərini böyük həcmdə azaldır. Bu tendensiya Azərbaycanda həyata keçirilən digər islahatlarda da müşahidə edilir. Azərbaycan dövləti 2015-ci ildən sonra, bir sıra sahələrdə öz xərclərini azaltmağa (məsələn, əlillik sahəsində islahatdan əlillik alanların sayı təxminən 60% aşağı salındı),  vətəndaşların maddi mükəlləfiyyətini artırmağa (vergiləri, rüsumları və cərimələri artırmağa) çalışır. Artıq bu paket islahatların bəzi dəyişikliklərdən məhz bu tendensiya hiss olunur. Elektron informasiya mübadiləsinə böyük yer verilməsi, təkrar müayinələrin sayının azaldılması azaldılması dövlətin xərclərinin xeyli azaldılması ilə nəticələnəcək”.

Cəsur Sümərinli, foto: Meydan TV
CəsurMəmmədov. Foto: Meydan TV

Hərbi ekspert Cəsur Məmmədov da qanunvericilikdə dəyişiklikləri Meydan TV-yə şərh edib. 

O, hərbi xidmətə çağırışla bağlı dəyişikliklərin üç səbəbdən irəli gələ biləcəyini ehtimal edir: 

Birincisi, Azərbaycanın özünün də bəyan etdiyi kimi, ölkədə Türkiyə modelinə uyğun ordu modelinin tətbiqi həyata keçirilir. Buna görə də şəxsi heyətin sayının optimallaşdırılması, bir sıra yeni vəzifələrin, yeni hərbi hissələrin yaradılması və s. istiqamətində yeni tədbirlər planı həyata keçirilə bilər. Bu da hərbi xidmətə çağırış planına təsir edir. Bu vaxta qədər mükəlləfiyyətli əsgərə ehtiyac var idisə, bundan sonra peşəkar əsgərə ehtiyac yaranır”. 

İkinci səbəb, Azərbaycanın milli maraqlarına indiyə qədər ən böyük təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin başa çatması və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsidir. Bu da o deməkdir ki, artıq böyük həcmdə, çoxsaylı ordunun saxlanılması perspektivləri azalır. Nisbətən kiçik həcmli və peşəkar orduya ehtiyac yaranır. Azərbaycanda 10-dan artıq dövlət qurumu var ki, onların hərəsinin öz hərbi tərkibi olmaqla, ümumilikdə 200.000-dən artıq hərbi heyəti var. Belə qarışıq sistemin nizamlanması istiqamətində dəyişikliklər də aparılmış da ola bilər”, – deyə hərbi ekspert bildirib. 

Cəsur Məmmədov qeyd edib ki, bu həm də mövsümi çağırış prosesində saya təsir edəcək:

“Üçüncü səbəb isə çağırışçı artıqlığı ilə bağlı ola bilər: çağırış prosesi ildə 4 dəfə həyata keçirilir və hər birində 10-15 min çağırışçı hərbi xidmətə çağırılır. Azərbaycan əhalisinin və hərbi xidmətə çağırılan gənclərin sayına əsasən, hər çağırışda təxminən 3-5 min çağırışçıya ehtiyac qalmır. Bu da o deməkdir ki, il ərzində 10-20 min çağırışçı artıq qalır”.  

Ekspert bildirir ki, çağırış zamanı artıq qalan hərbi çağırışçının aqibəti ilə bağlı illər əvvəl səfərbərlik orqanlarına sorğu göndəriblər. Lakin hərbi sirr olduğu əsas gətirilərək sorğularına cavab verməkdən imtina ediblər:  

“Araşdırmalarımıza görə, artıq qalan çağırışçılar korrupsiya və rüşvəxtorluğun hədəfinə çevirilirlər. Bu şəxslərdən pul alaraq onları hərbi xidmətdən saxlatdırırdılar. Bu dəyişikliklər həmin korrupsiya və rüşvətxorluğa son qoymaq üçün də ola bilər, gözdən pərdə asmaq üçün də”. 

O, indiyə qədər hərbi xidmətdəki korrupsiya əleyhinə hər hansı rəsmi bəyanat eşitmədiyini deyib. 

Ona görə də hesab edir ki, nəticələri anlamaq üçün növbəti prosesləri izləmək lazımdır. 

Bu dəyişikliklərin orduya peşəkar təsirləri ola bilərmi?

Ekspert deyir ki, ümumilikdə peşəkar ordunun formalaşması üçün demokratik dəyərlər çərçivəsində şəffaflıq olmalıdır, eyni zamanda, hərbi xidmət iş yerinə çevrilməlidir. 

Onun fikrincə, hərbi sistem Sovet dövründən qalma “vətənə borc” anlayışı ilə idarə edildikdə bu peşəkarlığa təsir edir. 

Ekpert ümumilikdə müqaviləli ordunun imzalayan tərəflərə daha ciddi öhdəliklər qoyduğuna inanır:

“Bu öhdəliklər hər iki tərəfə: işəgötürənə (dövlətə) və çağırışçıya aydın və öz iradələri ilə qəbul etdikləri öhdəlik və təminatlar verəcək. Bu halda Azərbaycan ordusu daha peşəkar ola bilər. Bu halda ona 200.000 nəfərlik yox, 50.000 nəfərlik peşəkar ordu lazım olacaq. Qalan 150.000 nəfər isə gələcəkdə hər hansısa hərbi münaqişə olduqda ehtiyatda olan heyət kimi saxlanıla bilər”.

Yaş həddinin endirilməsi nəyə təsir edəcək? 

C. Məmmədov bildirir ki, yuxarı yaş həddinin azaldılması elə də böyük dəyişikliyə gətirib çıxarmır, çünki insanlar artıq 18 və 20-li yaşlarda hərbi xidmətə cəlb edilirlər və bu prosesi tamamlamış olurlar. 

Onun sözlərinə görə, yuxarı yaş həddinin yox, aşağı yaş həddinin dəyişdirilməsi vacibdir:

“Aşağı həddin 18-dən 20 və ya 21 yaşa qaldırılması daha zəruri olardı. Çünki gənclər orta məktəbi bitirən kimi “qaçhaqaç sindromu”na məruz qalırlar. Öz taleləri, kariyera və seçimləri ilə bağlı qərar vermək imkanları olmadan ya hərbi xidmətə getməli olurlar, ya da hətta maraqlarında olmayan ixtisaslara müraciət edərək ali təhsil almağa çalışırlar ki, hərbi xidmətə göndərilməsinlər və həyatları barədə qərar vermək üçün zaman əldə etsinlər”.

Ekspert deyir ki, məcburi hərbi xidmət və xidmətə çağırış yaşının 18 olması gənclərin müstəqil seçim imkanlarına mənfi təsir edir.

O, həmçinin məcburi hərbi xidmətin başqa sahələrdə olduqca istedadlı olan insanların faydalılıq əmsalının azalmasına gətirib çıxardığını bildirir.

Ana səhifəXəbərlərHərbidə yaş həddinin endirilməsi: “Yəqin, düşünürlər ki, böyük orduya ehtiyac yoxdur”