Azərbaycanda müstəqil medianın sıxışdırılması fonunda Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və mühacirətdə fəaliyyət göstərən azərbaycanlı media qurumları – “Free Voices Collective” (“Azad Səslər Kollektivi”), Meydan TV, Toplum TV və “Qazetci” – həbsdə olan jurnalist Sevinc Vaqifqızına dəstək məqsədilə “Flood them with fans” (“Həbsxananı sərinkeşlərlə doldurun!”) adlı açıqca kampaniyasına başlayıb.
Məqsəd artıq bir neçə aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızının sərinkeşlə təmin olunmamasına diqqət çəkmək və bu vəziyyətə etiraz bildirməkdir.
Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova Meydan TV-yə bildirib ki, iki ay əvvəl qızı ondan sərinkeş istəyib. Valideyn sərinkeşi aparıb, amma Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov onu həbsxanaya buraxmayıb:
“Problem yaranmasın deyə, dəmir yox, plastmasdan sərinkeş almışdım. Aparanda, baxdım ki, hamı dəmir olanından alıb və bütün sərinkeşləri təcridxanaya buraxdılar. Artıq iki aydır ki, sərinkeşi özümlə təcridxanaya aparıb geri qaytarıram. Rəis Elnur İsmayılov Sevinclə prinsip aparır. Deyir ki, buradan [təcridxanadan] yazı çıxardığın üçün sənə sərinkeş vermirik. Sən bu yazdıqlarını saytdan sildir, mən də sərinkeşi içəri buraxdırım. Sevinc də deyir ki, yazı silinməyəcək və sərinkeş də içəri girəcək. Sonuncu dəfə iki həftə öncə aparmışdım, yenə də içəri buraxmadılar”.
RSF və tərəfdaş təşkilatlar beynəlxalq ictimaiyyəti Sevinc Vaqifqızı və digər həbsdə olan jurnalistlərlə həmrəylik məktubları yazmağa dəvət edir. Göndərilən mesajlar tərcümə ediləcək, üzərində simvolik sərinkeç təsviri olan poçt kartlarına çap edilərək birbaşa həbsxanaya çatdırılacaq.
Sərhədsiz Repartyorlar və tərəfdaş media təşkilatları beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə qarşı təzyiqi artırmağa çağırır.
Çağırışda bildirilir ki, bütün siyasi motivli ittihamlarla həbs edilmiş jurnalistlər azad edilməlidir. Məhbuslara tibbi yardım və insan ləyaqətinə uyğun şərait təmin olunmalıdır. Azərbaycandakı bütün müstəqil media qurumlarına qarşı repressiyalar dayandırılmalıdır.
“Biz göstərmək istəyirik ki, hətta həbsxana divarları belə onların səsini susdura bilməz. Azərbaycan hakimiyyəti jurnalistləri peşə fəaliyyətlərinə görə cəzalandırmaqdan imtina etməli və onların əsas ehtiyaclara çıxışını təmin etməlidir”, – Sərhədsiz Repartyorların Almaniyadakı icraçı direktoru Anja Osterhaus bildirib.
“Bu kampaniya təkcə bir sərinkeşlə bağlı deyil. Bu, ləyaqət, ədalət və beynəlxalq həmrəylik məsələsidir. Biz hər kəsi – jurnalistləri, fəalları və vətəndaşları – Sevinc və digər jurnalistlərə dəstəyə çağırırıq”, – deyə Meydan TV-nin icraçı redaktoru vəzifəsini icra edən Orxan Məmməd bildirib.
Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Sonradan daha 7 maddə əlavə edilərək ittiham ağırlaşdırılıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə keçirilən məhkəmədə Sevinc Vaqifqızına 9 il müddətinə həbs cəzası verilib.
O, özünü təqsirli bilmir.