Həbsxanada aclıq edən Ülvi Həsənlinin səhhəti pisləşsə də, ona yardım göstərilməyib

Ülvi Həsənli. Foto: Meydan TV

“AbzasMedia” bəyanat yayıb, həbsdəki qadın jurnalistlər də aclıq aksiyasına qoşulacaqlarını bildiriblər

“AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanıldığı Umbakı həbsxanasında vəkili Zibeydə Sadıqova ilə görüşüb.

Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.

İyunun 1-də vəkili ilə görüşən Həsənli iyunun 26-dan cərimə kamerasında saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib.

Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb.

Aclıq etdiyi üçün Ülvi Həsənlinin səhhəti pisləşsə də, ona tibbi yardım, həkim müayinəsi xidməti göstərilməyib.

Ülvi Həsənli Umbakı həbsxanasına köçürüldükdən sonra üzərindəki eyni paltarı geyinməyə məcbur olub və ona təmiz geyim verilmir. Həbsxanada köhnə və sınıq çarpayıda yatmalı olduğu üçün səhhətində problemlər yaranıb. Ailəsinin sözlərinə görə, iki təcridxana əməkdaşı ona qarşı zorakılıq edib, paltarlarını cırıb və itələyib, bu zaman o, ayağından xəsarət alıb.

Ülvi Həsənli ailəsi ilə görüşə icazə verilmədiyi üçün aclığını dayandırmaq istəmir.

O, məhkəmə qərarına əsasən Bakı İstintaq Təcridxanasında saxlanmalı olduğu halda, Umbakıya köçürülməsinə etiraz edir və geri qaytarılmasını tələb edir.

“AbzasMedia”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Ülvi Həsənlinin tələbləri yerinə yetirilməzsə, onunla birlikdə aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Vəkil Zibeydə Sadıqova məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib.

“AbzasMedia” Ülvi Həsənli ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ülvi Həsənliyə qarşı baş verənlər fiziki və psixoloji işgəncə, beynəlxalq hüququn pozulması, qanunsuz cəza tədbiri və insanlıqdan kənar rəftar nümunəsidir.

“Ülvi Həsənliyə qarşı törədilən əməllər insanlıq cinayətidir. Azərbaycan bu cinayətlərin məsuliyyətindən beynəlxalq hüquq qarşısında boyun qaçıra bilməz. Tələb edirik ki, Prezident İlham Əliyev bu qanunsuzluqlara son qoymaq üçün dərhal tədbir görsün, ədliyyə naziri Fərid Əhmədov vəziyyəti yerində qiymətləndirmək üçün Umbakı qəsəbəsindəki Penitensiar Kompleksi təcili ziyarət etsin və məsul şəxslər barədə ölçü götürülsün, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyeva işgəncə və qeyri-insani rəftar iddialarını təcili və müstəqil şəkildə araşdırsınlar”, – bəyanatda deyilir.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “AbzasMedia işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü ilin noyabrında “AbzasMedia”nın direktor və əməkdaşları həbs olunmuşdu. Ötən il mayda “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.

Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.

Ana səhifəSiyasətHəbsxanada aclıq edən Ülvi Həsənlinin səhhəti pisləşsə də, ona yardım göstərilməyib