Həbsdəki tədqiqatçı ilə bağlı qeyri-müəyyənlik: “kars”, qadağalar və təxirə salınan məhkəmələr

İqbal Əbilov – Foto: Facebook hesabı

Etnik tədqiqatçı İqbal Əbilov cəza kamerasına (“kars”) salınıb.

Onun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, iyulun 9-da tədqiqatçının ailəsi ilə görüş günü olub.

İqbal Əbilovun saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində ailəsi təxminən bir saat gözlədildikdən sonra onlara bildirilib ki, tədqiqatçı başqa yerə köçürülüb. Valideynlərin gətirdikləri sovqatlar qəbul edilməyib, onlara gələn həftə yenidən gəlmələri tövsiyə olunub.

Həmin gün İqbal Əbilovun vəkili Fariz Namazlı da müvəkkili ilə görüşə bilməyib. Vəkilə bildirilib ki, İqbal Əbilov cəza kamerasına yerləşdirilib, bunun hansı səbəbdən edildiyi açıqlanmayıb. 

Bu hadisədən cəmi iki gün əvvəl – iyulun 7-də Yasamal Rayon Məhkəməsində İqbal Əbilovun mülki iddiası üzrə ilk iclas keçirilmişdi. Tədqiqatçı həmin məhkəmə iclasına üzərində talış dilində

Millət öz başını itirən günü,

Qazanır yurdunun ölüm hökmünü” – misraları yazılmış köynəklə iştirak etmişdi. Onun cəza kamerasına salınmasının bu addımı ilə bağlı olub-olmadığı isə hələlik məlum deyil, çünki rəsmi qurumlar məsələni şərh etmir.

Komitə həmçinin bildirir ki, hüquqi müstəvidə də proseslər müxtəlif səbəblərlə ləngidilir və qeyri-müəyyən müddətə təxirə salınır. Bildirilib ki, İqbal Əbilovun iyulun 9-da Şirvan Apellyasiya Məhkəməsində keçirilməsi nəzərdə tutulan onlayn məhkəmə iclası texniki nasazlıq bəhanəsilə iyulun 14-nə təxirə salınıb. Qaradağ Rayon Məhkəməsinin iclasının isə iyulun 13-də keçirilməsi gözlənilir. Bu məhkəmələr onun həbsxanada üzləşdiyi qanunsuz məhdudiyyətlərə və hüquq pozuntularına etiraz etmək üçün vəkillərinin qaldırdığı iddialardır.

Müdafiə tərəfi və yaxınları İqbal Əbilovun hüquqlarının pozulduğunu, onunla əlaqənin kəsildiyini və saxlanma şəraiti ilə bağlı məlumatların gizli saxlanıldığını bildirərək ciddi narahatlıq keçirirlər.

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

Əbilov bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasətHəbsdəki tədqiqatçı ilə bağlı qeyri-müəyyənlik: “kars”, qadağalar və təxirə salınan məhkəmələr