Həbsdə olan Meydan TV-nin jurnalistləri Ombudsman Aparatının üzvləri ilə görüşüblər

Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva. Kollaj: Meydan TV

Fevralın 25-də Meydan TV-nin jurnalistləri Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova, Xəyalə Ağayeva Bakı İstintaq Təcridxanasında Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə görüşüblər. 

Bu barədə jurnalistlərin yaxınları Meydan TV-yə məlumat veriblər. 

Onların məlumatına görə, görüşdə İşgəncələrin Qarşısının Alınması Şöbəsinin müdir müavini Vəfa Verdiyeva və digər əməkdaşlar Samir Quliyev və Əflatun Baxışov iştirak edib. 

Görüş zamanı Ombudsmanın əməkdaşları jurnalistlərin zorakılıqla bağlı şikayətlərini dinləyib.

Fevralın 18-də Meydan TV-nin jurnalistləri Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva təcridxanada zorakılığa məruz qalıb. Təcridxana əməkdaşları otağa daxil olaraq axtarış ediblər. Bu hadisədən sonra jurnalistlərin ailələri Ombudsman Aparatına müraciət etmişdilər. 

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətHəbsdə olan Meydan TV-nin jurnalistləri Ombudsman Aparatının üzvləri ilə görüşüblər