Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin mayın 15-dən etibarən qida və dərman qəbul etməsinə icazə verilmədiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb. O bildirib ki, Nazim Bəydəmirli bir sutka günəş altında ayaqüstə saxlanıldıqdan sonra “kars”a (cərimə kamerası) salınıb.
“Nazimin həyatından çox narahatıq. Müraciət etdiyim səlahiyyətli orqanların heç biri geri dönüş etməyib. Nazimi öldürməyə çalışırlar!”, – Fəridə Bəydəmirli qeyd edib.
Onun sözlərinə görə, Nazim Bəydəmirlinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində digər məhbuslardan biri tərəfindən ona qarşı təxribat xarakterli davranışlar olub.
Fəridə Bəydəmirli iddia edir ki, həmin məhbus Nazim Bəydəmirlinin mənsub olduğu bölgə, keçmiş deputat kimi fəaliyyəti, soyadı və baxışları ilə bağlı təhqiramiz ifadələr işlədib. O bildirib ki, Nazim Bəydəmirli bununla bağlı müəssisə rəhbərliyinə bir neçə dəfə müraciət edib və tədbir görülməsini istəyib.
Fəridə Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşının səhhətində ciddi problemlər var və o, mütəmadi dərman qəbul etməlidir.
“Müalicəsi yarımçıq saxlanılıb. Saatla dərman qəbul etməlidir, təzyiqi nəzarətdə saxlanmalıdır. Bu vəziyyətdə onun karsda saxlanılması ciddi narahatlıq doğurur”, – o vurğulayıb.
O, həmçinin Ədliyyə naziri Fərid Əhmədova müraciət edərək Nazim Bəydəmirliyə qarşı təzyiqlərin dayandırılmasını tələb edib.
2005–2010-cu illərdə 104 saylı Gədəbəy–Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli ittihamları qəbul etmir və həbsinin Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlarla bağlı olduğunu bildirir.
2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.