Həbsdə olan jurnalistlərin kameraları dəyişdirilir

Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva. Kollaj: Meydan TV

Meydan TV-nin hazırda həbsdə olan jurnalistləri — Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıq saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən işgəncə hadisəsini ictimailəşdirdikdən sonra onların otaqlarının dəyişdirilməsi barədə qərar verilib.

Bu barədə Meydan TV-nin jurnalistləri məlumat verib.

Martın 23-də təcridxananın ümumi rejim rəisi Vahid Atakişiyevin nəzarəti ilə iki məhbus əlləri qandallanaraq gəzinti sahəsində 15 dəqiqə yaxın işgəncəyə məruz qalıblar. Hadisəyə şahid olan jurnalistlər buna etiraz edərkən təcridxana əməkdaşları onları da təhqir edib.

Jurnalistlərin sözlərinə görə, bu hadisə ictimailəşdikdən sonra təcridxana rəisi Elnur İsmayılov bildirib ki, bundan sonra gəzinti sahəsinə baxan otaqlar kamera kimi istifadə olunmayacaq. 

Jurnalistlər deyir ki, buna səbəb təcridxananın gəzinti sahəsində baş verən işgəncə halına qarşı etiraz etmələri olub.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı fevralın 28-də, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə istintaq başa çatıb və bu iş üzrə ittihamlar ağırlaşdırılıb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işiHəbsdə olan jurnalistlərin kameraları dəyişdirilir