“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) bacısı vəfat edib.
Jurnalistin bacısı fevralın 23-də axşam saatlarında Rusiyada vəfat edib.
Şəmşad Ağanın yaxınları bildirib ki, cənazə fevralın 24-də Rusiyadan Azərbaycana gətiriləcək.
53 yaşlı Ağayeva Zəminə İslam qızı xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bacısının vəfatı ilə əlaqədar vəkilləri Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verəcək.
Son 6 ay içində həbsdə olan Şəmşad Ağanın 5-ci qohumudur ki vəfat edir.
Ötən il oktyabrın 11-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.
Bu il yanvarın 28-də isə jurnalistin anası Zərifə Ağayeva vəfat edib. Həmin vaxt yas mərasimində iştirak edə bilməsi üçün Şəmşad Ağa məhkəmə qərarı ilə 3 günlük ailəsinin yanına buraxılmışdı.
2025-ci ilin iyununda xalası Rüstəmova Xanımbacı Mürsəl qızı, oktyabrın 30-da isə dayısı Rüstəmov Cabir Mürsəl oğlu vəfat etmişdi.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha 7 maddə əlavə olunub.
Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.