“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) anası Zərifə Ağayeva bu gün saat 13 radələrində vəfat edib.
77 yaşlı Zərifə Ağayeva parkinson xəstəliyindən əziyyət çəkirdi.
Onun nəşinin sabah Lerik rayonunda dəfn olunacağı gözlənilir.
Anasının ölümü ilə əlaqədar vəkili Fəxrəddin Mehdiyev Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verib.
Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha 7 maddə əlavə olunub.
Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.