Bakı Ağır Cinayətlər Məhkəməsi yanvarın 29-da Meydan TV əməkdaşı Şəmşad Ağaya (Ağayev) anasının dəfn mərasimində iştirak etməyə icazə verdi. Aylardır beynəlxalq təşkilatların qanunsuz həbs olunduğunu dediyi Şəmşad Ağa qısamüddətli azadlığa məhz bu səbəblə çıxdı. Həbsdə olduğu müddətdə isə şəraiti o, bir dəfə belə təsvir etmişdi:
“… bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi… Ölkənin mərkəzində-paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…”
Bəs kimdir Şəmşad Ağa?
Şəmşad Ağa 1982-ci il sentyabrın 1-də Lerik rayonunun Şivlə kəndində anadan olub.
O, 1989-cu ildə qəbul olunduğu Biləvər kənd orta məktəbini 1999-cu ildə bitirib.
Şəmşad Ağa 2000-2002-ci illərdə Füzuli və Xocavəndin işğal altında olan ərazilərində, təmas xəttində hərbi xidmət keçib.
2003-cü ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2007-ci ildə universiteti fərqlənmə ilə bitirib. 2007-2010-cu illərdə məzunu olduğu Biləvər kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
Şəmşad tələbəlik illərindən siyasi proseslərə aktiv şəkildə qoşulub, mətbuata rayondakı sosial-iqtisadi problemlərlə bağlı reportajlar və köşə yazıları yazıb.
2003-cü il prezident seçkilərindən sonra insanların təhdidlərlə Müsavat Partiyasından uzaqlaşdırılmalarına etiraz olaraq partiyanın Lənkəran Təşkilatına üzv olub.
Tələbəlik illərindən publisist yazılar yazıb; bədii yaradıcılıqla məşğul olub; şeirləri Sənət qəzeti, Məşəl jurnalı, Kult.az saytlarında dərc olunub. Şəmşad Ağa iki kitab müəllifidir.
2014-cü ildə dostları ilə birlikdə Arqument.az saytını təsis edib, hazırda da onun baş redaktorudur. Sayt fəaliyyətinə görə 2018-ci ildə iki dəfə siyasi sifarişlə bloklanıb.
Şəmşad 2015-ci ildə həmin vaxt həbsdə olan Yadigar Sadıqova ithaf etdiyi şeirində yazırdı:
burda hava istidi, bürkü nəfəs tükədir,
orda soyuq divarlar nəm qoxuyur, bəlkə də…
orda neçənci ildi deyə bilmərəm, amma
burda 37-di, ürəklər səksəkədə…
2016-cı ildə Akif Qurbanov və Ələsgər Məmmədli ilə birgə gənc jurnalistlərin yetişdirilməsi üçün Toplum TV media platformasını təsis ediblər və Şəmşad orada redaktor kimi çalışıb. Daha sonra kanalda ictimai-siyasi mövzuları əhatələyən Debat verilişinin aparıcısı olub.
Eyni zamanda, Demokratik Təşəbbüslər İnstitutunun nəzdində fəaliyyət göstərən Demokratiya Məktəbində təlimçi və koordinator kimi gənc jurnalistlərin yetişməsində rol oynayıb.
Paralel olaraq, Faktyoxla.info saytında da redaktor kimi çalışıb.
2021-ci ildən etibarən Meydan TV-yə siyasi və sosial mövzularda yazılar yazıb. 2022-ci ildə Toplum TV-də fəaliyyətini dayandırandan sonra Meydan TV-də redaktor kimi fəaliyyət göstərib, Arqument.az-ın da fəaliyyətini davam etdirib. Şəmşad 2022-ci ildə qəbul edilən Media haqqında qanuna aktiv etiraz edən jurnalistlərdən olmaqla, aksiyaların təşkilatçılarından biri olub.
2024-cü ildə Toplum TV işi üzrə şahid kimi dindirilib və ölkədən çıxışına qadağa qoyulub.
2023-2024-cü illərdə həbs edilən AbzasMedia, Toplum TV və Meydan TV jurnalistlərinə dəstəyini ifadə edib, təzyiqlərə rəğmən, onların yarımçıq qalan işlərini davam etdirib.
2025-ci ilin fevral ayının 4-dən 5-nə keçən gecə saat 1-2 radələrində 18 polisin cəlb edildiyi əməliyyat nəticəsində zorakılıqla saxlanılıb, evində axtarış aparılıb, özünə və ailə üzvlərinə məxsus bütün texniki avadanlıqlar, mobil cihazlar müsadirə edilib. Daha sonra BŞBPİ-yə aparılıb və ona “Meydan TV işi” ilə bağlı ittiham irəli sürülüb.
O, fevralın 6-da məhkəmə qarşısına çıxarılıb, barəsində ilk olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib. 1 ilə yaxındır Bakı İstintaq Təcridxanasında saxlanılır. Jurnalist İlham Əliyevin sifarişi əsasında həbs edildiyini deyir.
Şəmşad Ağa 2025-ci ilin iyul ayında yazdığı məktubunda deyirdi:
“Nizaminin məşhur hekayəsində deyildiyi kimi, “Nə qədər ki, Ənuşirəvan padşahdır, hər kəsin qismətinə bir xaraba kənd” mütləq düşəcək, yəni mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı həbsi dadacaqdır. Əgər siz də Orueli oxumamısınızsa, tövsiyə edirəm, oxuyasınız, çünki mənzərə eynidir, hər kəs nəzarət altındadır, “Böyük Qardaş” hamını izləyir, sistemin mahiyyəti, fəlsəfəsi budur”.