Həbsdə olan jurnalist Ramin Cəbrayılzadə kimdir?

“Jurnalist 24 saat aktiv olmalıdır”, – bu Ramin Dekonun  email adresinə yazdığı başlıqdır. Özü 14 aydır ki, xəbərin əhatə dairəsi xaricində olsa da, o bizim media camiəsinin operativlik meyarıdır – Həbsdəki digər əməkdaşımız Xəyalə Ağayeva Ramin Dekoya ad günü təbrikində belə yazır. 

Həbsdə olan jurnalist Ramin Cəbrayılzadə kimdir?

Ramin Deko (Cəbrayılzadə) 1987-ci il fevralın 18-də Liman şəhərində anadan olub. 

O, 1993-cü ildən 1 saylı Liman şəhər orta məktəbində orta təhsil alıb. 

Ramin ali təhsilini isə 2004–2008-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində alıb.

Deko 2008–2016-cı illərdə “Azadlıq” qəzetinin müxbiri kimi çalışıb. 2011-ci il aprelin 3-də naməlum şəxslər onu zorla maşına mindirib,”Azadlıq” qəzetində yazdığı yazılara son qoymağı məsləhət görüblər. İqtidarı tənqid edən yazılarına son qoyacağı təqdirdə ona yeni avtomobil vəd ediblər. Bu hadisəni ictimailəşdirməsindən bir gün sonra, aprelin 4-də axşam saat 21:00 radələrində Elmlər Akademiyası metrostansiyasının yaxınlığında 2 nəfər naməlum şəxs onu tutaraq döyməyə başlayıb, üzünə və bədəninə zərbələr endirib. Qısası, təzyiqlər, həbs təhdid və zorakılıq Raminin jurnalist kimi 15 ildən çoxdur təcrübə etdiyi elementlərdir. 

2013-cü ilin fevralın 28-də Qazax rayon N saylı hərbi hissəsində əsgər ölümü faktı qeydə alındı. Həmin vaxt əsgər Seymur Allahverdiyevin intihar etdiyi deyilsə də, ailəsi və ictimaiyyət buna inanmadı. Belə ölüm halları Azərbaycanda “Əsgər Ölümlərinə Son” etiraz aksiyalarına gətirib çıxarmışdı. Deko həmin vaxt həm Bakıda gənclərin etirazlarını çəkib, insanlara çatdırırdı, həm də Qazaxdan ailənin səsini eşitdirirdi.  

Ramin 2016-2023-cü illərdə Azadlıq Radiosu Azərbaycan xidmətinin jurnalisti olub. O, bu müddətdə də yüzlərlə vətəndaşın problemlərini işıqlandırıb, söküntülər, etiraz aksiyalarını lentə alıb. Messinin 87 yaşlı azərbaycanlı fanatı – Sabirə nənəni də məhz Deko 2017-ci ilin dekabr ayında futbol azarkeşlərinə tanıtmışdı. Ramin özü də dostları arasında “Messi fanatı” kimi tanınır. 

2023-cü ildən isə o, Meydan TV-də jurnalist olaraq fəaliyyətinə davam edib. Bu müddətdə Azəraycanın müxtəlif bölgələrindən sosial problemləri lentə alıb. 2024-cü ilin 23 mayında Zaqatalanın Ələsgər kəndinə getdi. Rayon mərkəzindən 18 km aralıda yerləşən kəndin olmayan yollarından, tibb məntəqəsindən reportaj hazırladı. 

2024-cü ilin oktyabr ayının sonlarında Sabunçunun yağışdan sonra yaşadığı “dejavü” də Dekonun kamerasıyla bütün Azərbaycana çatdırıldı. 

Jurnalist fəaliyyəti boyu onlarla mitinq, aksiya və nümayişləri çəkib, parlament və bələdiyyə seçkiləri, referendumda qanun pozuntularını işıqlandırıb. İnsan hüquqları, sosial problemlərlə bağlı onlarla materiallar hazırlayıb.

6 dekabrda ilk saxlanılma xəbəri yayılan Meydan TV əməkdaşı da Ramin oldu. Geridə qalan 14 ay ərzində isə ona qarşı irəli sürülən ittihamlar sübut edilə bilmədi, əslində, hakimiyyət heç buna cəhd belə göstərmədi. 

Ağıllılar susduqda axmaqlar çoxalır – bu, Dekonun azadlıq mübarizəsinə qibtə etdiyi Nelson Mandelanın sözüdür və Ramin bütün yaşadıqlarına rəğmən, susmamaqda israrlıdır.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalist Ramin Cəbrayılzadə kimdir?