Həbsdə olan jurnalist Polad Aslanov Ombudsman Aparatının nümayəndələri ilə görüşməkdən imtina edib.
Hazırda 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, Aparatın nümayəndələri martın 5-də jurnalistə baş çəkmək istəsələr də, bu, baş tutmayıb.
“Polad Aslanov 2025-ci ilin sentyabrında ailə üzvləri ilə görüşə və telefon danışıqlarına icazə verilmədiyi üçün 20 gündən artıq aclıq etdi. Həmin müddətdə o, qida qəbul edilən məhbuslarla bir yerdə saxlanıldı, təzyiqini və çəkisini yoxlamadılar, həkim nəzarətinə götürmədilər. Həmin vaxt bir ay ərzində gündə iki dəfə Ombudsman Aparatına zəng edirdim, təəssüf ki, maraqlanmadılar. Dünən isə ona baş çəkmək istəyiblər. Yeddi ay əvvəl Polad Aslanovun hüquqları pozulanda harada idilər?”, – Gülmirə Aslanova Meydan TV-yə deyib:
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
13 il azadlıqdan məhrum edilən Xeberman saytının rəhbəri dövlətə xəyanətdə təqsirli bilinib. O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyəti səbəbindən cəzalandırıldığını bildirir.