“Elə qışqırırdı, sanki Polad Aslanov orada qul, bu da quldardır”
“Xeberman.com” saytının rəhbəri, hazırda 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Polad Aslanovun ailə üzvlərilə telefon danışıqlarına müdaxilə olunduğu iddia edilir.
Bu barədə Meydan TV-yə danışan həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, Polad Aslanov ora köçürüləndən ailəsi ilə rəis müavininin kabinetindən telefonla əlaqə saxlamaq məcburiyyətində qalıb.
Bu isə telefon danışıqlarının nəzarət altında olmasıdır:
“Polad Aslanov faktiki ailəsilə birbaşa onun nəzarəti altında danışmaq məcburiyyətində qalır. Hər dəfə telefon danışığımıza Ramiq adlı müavin tərəfindən müdaxilə edilir. Saxlanma şəraiti ilə bağlı şikayətlənən kimi müdaxilə olunur, əlaqə kəsilir. Sonuncu telefon danışığımızda – yanvarın 25-də Polad ailə görüşündə süni şəkildə yaradılmış istisu problemindən danışırdı. Ramiq adlı həmin rəis müavini dərhal həyat yoldaşımın üstünə qışqırdı ki, “yalan danışma, yalandan and içmə”. Elə qışqırırdı, sanki Polad Aslanov orada qul, bu isə quldardır”.
Polad Aslanov 2024-cü ilin noyabrında aclıq edəndən sonra 1 saylı cəzaçəkmə müəssisəsindən 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Gülmirə Aslanova deyir ki, 15 saylı cəzaçəkmə müəssisəsində də vəziyyət yaxşı deyil.
Məhkumların sayı normadan çoxdur. Çarpayı çatışmazlığına görə məhkumlar yerdə yatırlar.
Gülmirə Aslanova Ədliyyə Nazirliyinə, Ombudsmana müraciət edərək, həyat yoldaşına münasibətdə yol verilən hüquq pozuntularının dayandırılmasını istəyib:
“Bir daha Polad Aslanov müavinin otağından zəng edərsə, bu zəngdən imtina edəcəm. Tələb edirəm ki, Polad Aslanova məhbuslar üçün nəzərdə tutulan telefon otaqlarından istifadə etməyə şərait yaradasınız”.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. 13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir.
O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:
“Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
Avropa İnsan Hüquqları Məhkəməsi Polad Aslanovun şikayəti üzrə qərar çıxarıb, onun hüquqlarının pozulduğunu təsdiqləyib.
Həmin qərar əsasında Azərbaycan hökuməti ona təzminat ödəyib.
Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib.
O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub.
İki ay sonra isə həbs edilib.