Həbsdə olan ictimai fəalın cəzası ağırlaşdırılır

Nicat İbrahim. Foto: Şəxsi “Facebook” səhifəsi

İctimai fəal Nicat İbrahimin cəza rejiminin sərtləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyi tərəfindən təqdimat hazırlanıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən fəalın həyat yoldaşı Pərvin İbrahimova deyir ki, təqdimatda onun müəssisə qaydalarını kobud şəkildə pozduğu qeyd edilib.

“Vəkilimizə xəbər verdilər ki, müəssisə rəhbəri Nicatın cəzasının ağırlaşdırılması və qapalı həbsxanaya köçürülməsi ilə bağlı təqdimat hazırlayıb. Təqdimatda onun nizam-intizam qaydalarını pozduğu və tez-tez mübahisə yaratdığı qeyd edilib. İndiyə qədər də ictimai-siyasi fəalları müxtəlif bəhanələrlə həbsxana rejiminə göndəriblər. Biri haqda yazmışdılar ki, idman etmir, başqası haqda yazmışdılar ki, yerini yığmır. Bu baxımdan, təəccüblü deyil”, – deyə İbrahimova bildirib.

Pərvin İbrahimovanın sözlərinə görə, Nicat İbrahim saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində dəfələrlə ona qarşı təxribatlar edilib. O bildirib ki, yoldaşının uzun müddət karsda saxlanılmasının səbəbi də onun cəzasının ağırlaşdırılması ilə bağlıdır:

“Aydın idi ki, bu işin sonunda xoşagəlməz bir şey olacaq. Biz də həbsxana rejiminə köçürülməyi ehtimal edirdik. Elə də oldu. Adamı bu hökumətin öz insanlarına qarşı qəddarlığı ağrıdır. Necə bu qədər zalım olmaq olar? Günahsız bir adamı şərləyib, ömründən illərini oğurlamaqla kifayətlənmirlər, daha çox əzab vermək istəyirlər”.

Nicat İbrahim iyunun 6-da cərimə kamerasına salınıb. Ailəsi onun hansı səbəblə “kars”a salındığını bilmədiyini qeyd edib.

O, 2024-cü il sentyabrın 9-dan həbsdədir. O, ailəsi ilə birgə ölkədən çıxarkən hava limanında saxlanılıb. Onun sözlərinə görə, ölkədən buraxılmadığından, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb. 

Nicat İbrahim bundan öncə 2020-ci ildə, Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmışdı, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəalın cəzası ağırlaşdırılır