O, ekspertin dediklərinə etiraz olaraq baş nahiyəsinə xəsarət yetirib
Həbsdə olan ictimai fəal Nicat İbrahim mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində özünə xəsarət yetirib.
Bu barədə onun ailəsi məlumat verib.
Bildirilir ki, ictimai fəal məhkəmədə dindirilən ekspertin dediklərinə etirazını özünün baş nahiyəsinə xəsarət yetirməklə bildirib.
Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.
Nicat İbrahim bu ittihamı qəbul etmir, heç kimi bıçaqlamadığını deyir.
Şərlənərək həbs olunduğunu bildirir və hadisə yerindəki kamera görüntülərini tələb edib. Nicat İbrahim həmçinin bildirib ki, Bəhmən Əliyev bıçaqlanmış olsaydı, zərərçəkmiş qismində tanınarkən bədənində bıçaqlanmadan iz də qalardı. Bu üzdən məhkəməyə çağırılan ekspert məhkəmədə bildirib ki, Bəhmən Əliyevin qarın nahiyəsində xəsarət izi görsə də, onun məhz bıçaqlanmadan əmələ gəlib-gəlmədiyini deyə bilməz.
Nicat İbrahim ekspertin yalan danışdığını bildirib.
“Yalan danışırsınız, saxta rəy verirsiniz. Sizin kimilərin yalanları üzündən, mən səkkiz aydır həbsdəyəm”, – deyən ictimai fəal başını məhkəmə zalında saxlandığı kabinənin şüşəsinə çırpıb və nəticədə xəsarət alıb.
O, təcili yardım göstərilməsi məqsədilə məhkəmə zalından çıxarılıb.
Məhkəmə mayın 26-dək ertələnib.
Hadisəni Nicat İbrahimin vəkili Zibeydə Sadıqova da təsdiqləyib.
İctimai fəalın həyat yoldaşı Pərvin İbrahimova olayla bağlı Bakı İstintaq Təcridxanasında Nicat İbrahimə töhmət verildiyini bildirib:
“Bu, artıq ikinci töhmətdir. Bundan öncə də bir dəfə məhkəmədə özünə xəsarət yetirmişdi. İnsanı heç nədən şərləyib həbsdə saxlayırlar, onun da əsəbləri dözmür”.
Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb.
O, özünü təqsirli bilmir, bıçaqladığı iddia edilən Bəhmən Əliyevi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum çəkib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını deyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, həmin görüntülər gətirilməyib.
Nicat İbrahim həbsindən bir həftə öncə ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. O, ölkədən buraxılmayanda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdiyinə, nazirliyin qarşısında özünə qəsd edəcəyini söylədiyinə görə cəzalandırıldığını düşünür.
İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.
O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.