Seçki Müşahidə Alyansının sədri, siyasi məhbus Məmməd Alpay saxlanma şəraiti və hüquqlarının məhdudlaşdırılması ilə bağlı bir sıra problemlərlə bağlı açıqlama yayıb.
Məmməd Alpayın bildirdiyinə görə, son 6 ay ərzində birinci dərəcəli ailə üzvləri ilə açıq görüşlərin keçirilməsi faktiki olaraq dayandırılıb. Bu müddətdə yalnız şüşə arxasından görüşlərə icazə verilir. Təcridxana rəhbərliyi dəfələrlə açıq görüşlərin bərpa olunacağını bildirsə də, indiyədək bu vəd yerinə yetirilməyib. Eyni zamanda, ikinci dərəcəli qohumlar və dostlar üçün hətta şüşə arxasından görüşlərin keçirilməsi də mümkün deyil.
Bundan başqa, Alpay yaxınları tərəfindən göndərilən jurnal, qəzet və bəzi hallarda kitabların ona çatdırılmadığı bildirir.
O, həmçinin məhkəmələrə aparılarkən istifadə olunan xüsusi nəqliyyat vasitələrində (avtozaklarda) məhbusların normadan artıq sayda yerləşdirildiyini qeyd edir. Onun sözlərinə görə, bu vəziyyət hərəkət zamanı ciddi narahatlıq yaradır.
Şikayətlərdən biri də məhkəmə proseslərindən sonra şəxslərin dərhal təcridxanaya qaytarılmaması ilə bağlıdır. Bildirilir ki, məhkəməsi başa çatan şəxslər saatlarla, bəzi hallarda isə bütün gün ərzində məhkəmə binalarında gözləməyə məcbur qalırlar.
Məmməd Alpayın sözlərinə görə, qeyd olunan hallar saxlanılan şəxslərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərir, yorğunluğa, havasızlıq şəraitində qalmağa, susuzluğa, qida və sanitariya imkanlarından məhdud istifadə etməyə səbəb olur.
M. Alpay aidiyyəti qurumları qeyd olunan məsələləri araşdırmağa və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görməyə çağırır.
Məmməd Alpay 2025-ci il martın 14-dəsaxlanılıb və onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılıb.
O, iki ayrı cinayət işi üzrə ümumilikdə 11 maddə ilə ittiham olunur.
Ona qarşı “QHT işi”, həmçinin Anar Məmmədli işi üzrə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri üzrə ittihamlar irəli sürülüb.
Alpay həbsinin hüquq müdafiəsi və seçki monitorinqi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.