17 yaşında “Kərimə” dövləti qurmaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş dini inanclı Mirvasid Əliyev cərimə kamerasına salınıb və ailəsi ilə telefon danışıqlarına məhdudiyyət qoyulub.
Bu barədə məhbusun anası Meydan TV-yə məlumat verib.
Ananın sözlərinə görə, iyunun 20-də saxlanıldığı Umbakı həbsxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Həmin gün ailəsi ilə danışan Əliyevlə o gündən sonra əlaqə saxlamaq mümkün olmayıb:

“Müəssisəyə köçürülən günü evə zəng etdi. İki dəqiqəyə yaxın danışdı, dedi ki, mən 2 nömrəli Cəzaçəkmə Müəssisəsindəyəm. Ondan sonra artıq iyirmi günə yaxındır ki, evə zəng vurmur. Biz bilmirik, oğlumuz sağdır, döyülüb, başına nə gəlib, nə yeyir, nə içir, heç nə bilmirik”.
Ailə deyir ki, bununla bağlı Penitensiar Xidmətlə və Ombudsmanla əlaqə saxlasalar da, məsələ ilə bağlı araşdırma aparılmayıb. Həmçinin anası qeyd edir ki, iyunun 4-də karantin müddəti bitən Mirvasid Əliyev hələ də “zon”a buraxılmayıb.
“Bazar günü qeyri-iş günü idi, bazar ertəsi gördük ki, yenə də zəng eləmir. Penitensiar Xidmətə zəng etdik, dedilər ki, “sorğunuzu qəbul etdik, sizinlə əlaqə saxlayıb məlumat verəcəyik, niyə karantin bitsə də o, zona köçürülməyib, niyə evə zəng vurmur?”.”
İyulun 8-də görüş üçün müəssisəyə gedən ailəyə rəis bildirib ki, iyulun 12-də Mirvasid Əliyev karsdan çıxacaq və onlara görüş veriləcək.
Mirvasid Əliyevə 2023-cü ilin fevral ayında “Kərimə” dövləti qurmaqda ittiham olunan digər 12 nəfər ilə birlikdə hökm oxunub. Hökmə əsasən Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onlara Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 234.1-1, 274 (dövlətə xəyanət), 28 (cinayətə hazırlıq),277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd) və 278.2-ci (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) madddələri ilə ittiham irəli sürülüb.