Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə cərimə kamerasına salınıb.
Bu barədə Sahib Məmmədzadənin ailəsi Meydan TV-yə məlumat verib.
Onların sözlərinə görə, karsa salınmağının səbəbi corab geyinməməsi olub.
“Axşam düzülüşünə çıxanda ayağında tərlik olub. Müəssisənin əməkdaşları deyib ki, nəyə görə tərliyi corabsız geyinmisən, sayıma ayaqqabısız çıxmısan. Bundan sonra Sahibi karsa salıblar. Səbəbləri gülməlidir”, – deyə ailə bildirib.
Ailə deyir ki, “kars”a salındığı gündən etibarən artıq 4 gündür ki, Məmmədzadə etiraz olaraq aclıq aksiyasına başlayıb. Yaxınları bildirir ki, hazırda Məmmədzadənin səhhətinin necə olduğundan xəbərsizdilər və onunla əlaqə saxlaya bilmirlər.
Ailə iddia edir ki, Məmmədzadənin karsa salınmağının səbəbi onun həbs müddətinin üçdə ikisini çəkdiyindən vaxtından tez azadlığa çıxmasına mane olmaqdır.
Sahib Məmmədzadə 2024-cü il martın 18-də tutulub və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Lakin Sahib Məmmədzadə ittihamı qəbul etmir, istintaqdakı ifadəsində də bildirib ki, cibindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur.
O, 3 il 6 ay azadlıqdan məhrum edilib.