Ailəsi bildirib ki, o, saxlanıldığı Cəzaçəkmə Müəssisəsində pis rəftara məruz qalır
İqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun mayın 10-dan aclıq aksiyasına başladığı bildirilir.
Ailəsindən İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinə verilən məlumatda bildirilir ki, Qasımov saxlanıldığı Penitensiar Xidmətin Umbakı Cəzaçəkmə Müəssisəsində pis rəftara məruz qalır.
Məlumata görə, doktorantın yazdığı apelyasiya şikayəti müəssisənin dəftərxanasından yoxa çıxıb.
Fazil Qasımov baş verənlərin qisas xarakterli olduğunu hesab edir.
Ailəsi aidiyyəti orqanlardan məsələyə müdaxilə olunmasını istəyirlər.
Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
Fazil Qasımov bundan əvvəl də həbsinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. O, 2024-cü ilin iyununda həbsdə aclıq aksiyası elan etmişdi. Onun aclıq aksiyasının 6 aydan çox davam etdiyi bildirilirdi.
İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.
Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.
1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.
Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən ev dustaqlığına buraxılıb.