Baş naziri təbrik mesajı göndərib
Gürcüstan Müdafiə Nazirliyinin onlarla əməkdaşı Avropa İttifaqı və NATO-ya daxil olma kursuna sadiq olduğunu bildirərək, bunu ölkənin təhlükəsizliyi üçün alternativsiz adlandırıblar. “Turan”ın məlumatına görə, onlar hökumətin Avropa İttifaqına daxil olmaq üzrə danışıqları dondurmaq qərarı fonunda birgə bəyanat yayıblar.
“Avropa və Avroatlantik inteqrasiya ölkənin təhlükəsizliyini və suverenliyini daha da gücləndirmək üçün alternativsiz yoldur, həm Gürcüstan Konstitusiyası, həm də milli və idarələr səviyyələrində bütün konseptual sənədlərlə təsdiqlənmiş xarici siyasət və təhlükəsizlik siyasətinin əsas prioritetidir”, – bəyanatda deyilir.
Müraciət müəllifləri Gürcüstanın Avropa və Avroatlantik strukturlarla əməkdaşlığının vacibliyini, eləcə də Qərb tərəfdaşlarının Gürcüstanın müdafiə potensialının inkişafına töhfəsini vurğulayıblar.
Hazırda bəyanatı 43 nəfər – müdafiə idarəsinin müxtəlif departamentlərinin əməkdaşları imzalayıblar.
Cümə axşamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına daxil olması və Avropa İttifaqının bütün büdcə qrantlarından imtina barədə danışıqlarla əlaqədar məsələnin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını elan edib.
Prezident Salome Zurabişvili vətəndaşları hökumətin qərarına qarşı çıxmağa çağırıb, səfirlərə, dövlət qulluqçularına, hərbçilərə və polisə ayrıca müraciət edib.
Bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin onlarla əməkdaşı hökumətin avrointeqrasiyanı dondurmaq qərarına qarşı çıxaraq, bunu ölkənin strateji maraqlarına uyğun olmayan və Konstitusiyaya zidd qərar adlandırıb. Onlar xəbərdarlıq ediblər ki, bu, Gürcüstanın təcrid olunmasına və Avropa İttifaqına üzv olmaq üçün tarixi imkanın itirilməsinə gətirib çıxara bilər.
Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili hökumətin kursuna etiraz olaraq öz istefasını elan edib.
Bu fonda Azərbaycanın Baş naziri gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yenidən öz postuna seçilməsi münasibətilə təbrik göndərib.